Səadət yollarında

Səadət yollarında

12 Sentyabr 2014 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Düzlüyü çox sevir taleyi yazan,

Görmədim düz yolda yolunu azan.

Sədi Şirazi

Düzgünlüyü hamı tərifləsə də, hamı ona əməl etmir. Əgər hamı düzgün olsaydı kimsə başqasını aldatmazdı. Və ya insanlığa qarşı inam və hörmət olmasaydı heç kim də aldanmazdı. Təəssüflər olsun ki, bu belədir. Həyatımızın ayrılmaz və tərkib hissəsi olan eşqdir ki, bu proseslər orada da baş verir. Halbuki ülvi duyğularla

dolu olan eşq yalan və xəyanətdən çox-çox uzaqdır. Nə yazıqlar ki, eşq adından istifadə edib qarşı tərəfə acılar çəkdirənlər də az deyil.

(050) --77-55 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa müəllim. Təsadüf nəticəsində bir oğlanla tanış oldum. Sonra bu tanışlıq sevgiyə çevrildi və biz bir-birimizi sevdik. Onunla cəmi 2 dəfə görüşmüşəm. Çox vaxt telefonla əlaqə saxlayırdıq. Sonradan öyrəndim ki, o, ailəlidir və bir övladı da var. Çox pis oldum və bunu onun özünə deyəndə etiraf etdi. Bildirdi ki, özüm sənə demədim ki, məni qəbul edəsən. Mən səni sevirəm. Yoldaşımla istəmədən ailə həyatı qurmuşam. Sonra məni görüşə çağırsa da getmədim və onunla əlaqəmi kəsdim. Ancaq onu unuda bilmirəm. Ona görə başqasını da sevə bilmirəm. Telefon nömrəmi dəyişdiyimə görə heç bir əlaqəmiz yoxdur. Bir dəfə gizli nömrə ilə zəng edib səsini eşitdim. Bilmirəm nə edim. Xahiş edirəm mənə bir məsləhət verin. Çox sağ olun.

İsa Rəvan: Bu səpgidə müraciətlər çox olub və hər dəfə də dolğun halda cavablandırılıb. Lakin eşqin gözü olmadığından növbəti dəfə aldananların da sayı çox olur. Eşq elə bir duyğudur ki, onu yaşamamaq olmur. O qəlbi fəth edərkən də kimsə ilə məsləhətləşmir. Lakin sevərkən də onun əsirinə çevrilib əzab çəkə-çəkə sevmək yox, qarşılıqlı formada o sevgini paylaşaraq sevib-sevilmək lazımdır. Hər sevgiyə eşq, hər sevənə də aşiq demək olmaz. Ülvi sevgi ayrı, yabanı hisslərdən irəli gələn istək ayrıdır. Kənar hisslərdə qarşı tərəf yalnız öz istəyinə çatmaq məqsədində olur. Ülvi duyğuda isə yalan və ya başqa məqsəd olmur. Hər tanışlığı da real sevgi kimi qəbul etmək sadəlövhlükdür. Əsl məhəbbət də bir ürəkdə bir sevgi yer alır. Qalanları isə kənar və ötəri hisslərdir. Siz nədən özünüzü inandıraraq bu cür yalan sevgiyə qurban vermək istəyirsiniz? Digər tərəfdən öz xoşbəxtliyinizi başqa bir xanımın bədbəxtliyi üzərində axtarırsınız? Bilirsiniz ki, o sizə əvvəldən bütünlüklə yalan danışıb. Öz xanımını sizə dəyişən, sabah sizi də başqasına dəyişəcək. Halbuki öz xanımını sevərək ailə həyatı qurubdur. Sizi ələ keçirmək üçün yalandan onu sevmirəm deyib. Desəniz ki, get xanımından boşan gəl, bunu heç vaxt etməyəcək. Çünki sizə dedikləri boş bir cəfəngiyatdır. Boş və məntiqi olmayan sözlərə inanmağınız isə yersizdir. O, nə sizi alan deyil, nə də sizinlə bir ömür boyu sevgi yaşayan deyil. Ona inanıb başqasını sevməməklə öz gələcək səadətinizi kor etməyin. O, ailə qurub səadət əldə etdiyi kimi, sizin də öz təmiz və həqiqi sevginizə qovuşmaq haqqınız vardır. Bu seçiminiz olduqca səhvdir. Səhv olan seçimdə isə xoşbəxtlik deyil, göz yaşı əldə edəcəksiniz. Sonda isə uduzan o deyil, siz olacaqsınız. Odur ki, necə onunla əlaqəni kəsmisiniz, axıra qədər də danışmayın. Gizli nömrə ilə zəng edib onun səsini eşitməyiniz düzgün deyil. Bu sizi yenidən sövq edəcək ki, onunla danışasınız. Bu isə artıq və yersizdir. tam halında sizə məxsus olan sevgini yaşayın. Unudun ki, bir də onun haqqında düşünməyəsiniz. Belə bir adam yox imiş kimi onu düşünməyin özünü unudun. Onda tədricən hər şey normal hala düşəcək.

(070) --79-32 nömrəli mobil telefonun sahibi olan başqa bir xanım yazır: Salam, İsa Rəvan. 24 yaşım var, istədiyim heç bir oğlan yoxdur. Valideynlərim isə qohumumuz olan bir oğlana məni vermək istəyirlər. Bu da mənim ürəyimcə deyil. Qarşı tərəf də razıdır. Çıxılmaz vəziyyətdə qalmışam. Xahiş edirəm mənə bir yol göstərəsiniz.

İsa Rəvan: Sevgiyə məcburiyyət yoxdur. Sevgi özü ürəyə gəlməlidir və qarşılıqlı formada yaşanmalıdır. Ancaq hər kəsin qəlbində gizli bir sevgisi vardır ki, o da nə vaxtsa özünü büruzə verməyindən asılıdır. Sizin isə ümumiyyətlə, sevdiyiniz və sevgi yaşadığınız bir insan yoxdur. Sevgi ani surətdə də yarana bilər, sonradan da qəlbi fəth edərək yaşana bilər. Əsas odur ki, ürək özü onu qəbul eləsin. Tənha qəlbdən sevgiyə keçid bir addımdır. Həyat tələbatından irəli gələrək lazım olan hər şeyə əvvəlcədən "yox" demək lazım deyil, Mövcud olan hallarda düşünməyə də dəyər. Qohumunuz olan oğlanı neçə illərdir ki, tanıyırsınız. Bu da sevgi sınağınız üçün bir şansdır. Onu tanımaq üçün daha da yaxından maraqlanın. Xasiyyətinə, davranışına bələd olun. Bəlkə hər şey ürəyinizcə olacaq. Bununla da tərəddüdünüzə son qoymuş olarsınız. Adətən sonradan yaranan belə sevgilər təmiz və güclü olur. Ən başlıcası onun da, sizin də valideynləriniz bu işə razıdırlar. Tanıyandan sonra sevməsəniz də, aldanaraq əzab çəkənlərdən olmayacaqsınız. Ancaq əminəm ki, hər şey ürəyinizcə olacaq. Gələcək həyatınıza yaranan bu şansı qaçırmayın.

(050) 558-36-71 nömrəli mobil telefonun sahibi, daimi oxucumuz olan Rasim Tərtərli yazır: Salam, çox hörmətli İsa Rəvan, necəsiz? "Oxu məni" qəzetinin sevimli kollektivini, oxucu dostlarımın hər birini ürəkdən salamlayıram. Bir-birindən gözəl və maraqlı yazılarınıza görə çox sağ olun. 6 ildən sonra balanı anasıyla qovuşdurdunuz. Bundan da böyük xoşbəxtlik olarmı... Tərtərə yolunuz düşsə qonağım ola bilərsiniz, gözümüstə yeriniz var. Daim var olun, əziz qardaşım. hörmətli İsa Rəvan, sizdən çox-çox xahiş edirəm ürək sözləri rubrikasını yenidən bərpa edəsiniz. Oxucular bir-birinə salamlarını "Oxu məni" vasitəsi ilə çatdıra bilsinlər.

İsa Rəvan: Dəvətinizə və diqqətinizə görə mən də sizə çox sağ olun deyərək minnətdarlığımı bildirirəm. Əzizim Rasim, hər şey yeniləşir, indi artıq facebook, elektron poçt, instaqram və s. dövrüdür. İnsanlar bunların vasitəsilə gündəlik salamlarını çatdırırlar. Problem yoxdur, əgər, "ürək sözləri" rubrikasını hamınız istəyirsinizsə onu təzədən bərpa etmək olar. Gərəkdir ki, sizdən başqa digər oxucular da buna dəstək olsunlar. Nəzərinizə çatdırım ki, bu rubrika ilə bağlı əvvəlki mobil telefon işləmir. Siz ürək sözləri ilə bağlı yazılarınızı mənim mobil telefonuma göndərə bilərsiniz. Əgər çoxlu sayda oxucu buna qoşularaq vüsət halın alsa, onda əvvəlki nömrəni yenidən qeydiyyata salarıq. Sizlərə uğurlar.

İsa Rəvan: (055) 785-84-83