Aşiqlərin eşq yolu
Yoxdur bu dünyada bir gül tikansız,
Məhəbbət sevinci olmaz fəqansız.
Ağıl yola getmir məhəbbət ilə,
Çünki salır sirri ağıza, dilə.
Məhəbbət aləmində vüsal həsrəti ilə yanaşı hicran əzabı da paralel olaraq yaşanır. Çünki bu sehrli aləmdə hicran olmasaydı, vüsalın şirinliyi də bilinməzdi. Ona görə sevərkən kimlərsə vüsalına çatır, kimlərsə də hicran əzabı ilə acılar çəkir.
(051) 21-84 nömrəli mobil telefonun sahibi olan bəy yazır. Salam, hörmətli İsa Rəvan. Çəkdiyim əzablar dözülməzdir. Sevdiyim qızın ailəsindən "hə"sini almışdıq, nişan etmək istəyirdik. Lakin kasıb olduğuma görə qızın atası sonradan fikrini dəyişərək qızı mənə vermədi. Ancaq biz bir-birimizi istəyirik. Xahiş edirəm bir yol göstərin, məsləhət verin.
İsa Rəvan: Sevgi sərhəd bilməyən ülvi duyğu olaraq hər kəsə aiddir. Eşq təbiətin bizə bəxş etdiyi tükənməz bir nemətdir ki, onun yolunda şah da, dilənçi də eynidir. Sevgi heç nəyin fərqinə varmadan qəlbə hakim kəsilir. Eşq qərar verib qəlbi fəth edərkən kiminsə varlı, kiminsə kasıb olmağına baxmayır. Ümumiyyətlə, var-dövlətə söykənərək pul üzərində yaşanan sevginin sonu boş və mənasızdır. Var-dövlətə görə qurulan evin təməli tez bir vaxtda dağılmağa məhkum olacaq. Çünki sevgi yaşanmadığı evdə qəlb istəyi deyil, var-dövlət istəyi üstünlük təşkil edəcək. Bir zaman o var-dövlət məhv olarsa onları bir-birinə bağlayan sevgi olmadığına görə ayrılacaqlar. Lakin həqiqi olana saf sevgi var gündə də, yox gündə də öz ülviliyini qoruyub saxlayır. Ona görə də əsl sevgi pul ilə satılmayır ki, pul ilə də alınsın.
Təbii ki, istədiyiniz qızın atası haqsız hərəkət edib. Məgər bütün ailə quranlar ancaq dövlətlilərdir? Kasıb, imkanı olmayanların ailə həyatı qurmağa haqqı yoxdurmu? Düzdür, hər bir valideyn övladının xoşbəxtliyini, onun yaşayış şəraitinin yaxşı olmasını istəyir. Ancaq bu işdə valideyn övladının istəyini də nəzərə almalıdır. Ömür-gün yolunu özü yox, övladı yaşayacaq. Qızına gənc ailə kimi mənəvi dəstək göstərə bilərdi ki, təki qızı öz səadətini tapsın. Hər qaranlıq gecənin bir aydın səhəri də var. Allah qarşısında hamı eynidir.
Sevgi də azad olduğundan hər kəsin sevməyə haqqı vardır. Sizin sevginizin üstünlüyü ondadır ki, qız da sizi sevir. Qoy qız anasına xoşbəxtliyinin ancaq sizinlə birlikdə olacağını desin. Siz də ruhdan düşməyin, bu hələ son demək deyil. Sevginiz naminə mübariz olun. Necə diqqət və qayğı göstərməyə qadir olduğunuzu sübut etməyə çalışın. Qız da anasına fikrində qəti olduğunu bildirsin. Bundan sonra elçilərinizi göndərin. Əgər bu dəfə də atası razı olmazsa, onda sizə o sevginin xatirəsini yaşamaq qalır. Çox güman ki, bu dəfə qızının da istəyini nəzərə alıb razılaşar. Sizə tezliklə xoşbəxtliyə qovuşmağı arzulayıram.
(050) –23-99 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa müəllim, Bir oğlanla 2 ilə yaxındır ki, sevgi yaşayırdıq. Sonra aramızda söz-söhbət yarandı və biz ayrıldıq. Bir-iki aydan sonra o, nişanlandı. Özümü saxlaya bilməyib ona zəng etdim. Deyir məni anamgil nişanladılar, ancaq yenə səni sevirəm. Mən onun həyatına mane olmamaq üçün əlaqəni kəsdim. Ancaq o, ara-sıra zəng edib mənsiz qala bilmədiyini, yenə mənimlə görüşmək istədiyini deyir. Sizcə onun dedikləri düzdürmü? Xahiş edirəm, mənə məsləhət verəsiniz. Çox sağ olun.
İsa Rəvan: Qadınlar kişilərə nisbətən daha çox həssas olurlar. Bu həssaslığa görə aldanıb stressə düşənlər də qadınlar olur. Özünüzə əzab verə-verə acılar içində yaşamaq deyil, həyatdan zövq alaraq sevib-sevilərək yaşamaq lazımdır. Düzdür, heç kim sonradan baş verəcək hadisələrdən sığortalanmayıb. Sevərkən də ağıla deyil, qəlbin səsinə baş əyirsən. Lakin qəlbdə yaranan hər hissə də sevgi demək düzgün deyil. Sevgi ülvi və saf olmalıdır. Hörmətsiz olan məhəbbət sevgi deyil. Sevgi qarşılıqlı olduğu kimi, qarşılıqlı hörmətlə də yaşanmalıdır. Sonu hicran olan sevgini vüsal kimi yaşamaq mənasızdır. Elə təmiz sevgilər var ki, hansısa səbəbdən baş tutmayıbdır. Və o sevgini yaşayan hər iki tərəf də buna görə ayrılsalar da, sonadək onun xatirəsini yaşayıblar. Daha heç bir bəhanəyə ehtiyac duymayıblar. Çünki təmiz sevgi bütün bəhanələr və yalandan uzaqdır. O sevgidə ki yalan var, orada bəhanə də mütləqdir. O oğlanın məni valideynlərim məcbur nişanladılar deməsi yalandır. Bu barədə onların ailəsində fikir olubdur. Oğlan da bu məqam üçün bir bəhanə axtarırmış. 2 il sevgi yaşadınız, heç bir ayrılıq olmadı. Ancaq aranızda söz-söhbət yaranıb ayrılandan 2 ay sonra nişanlandı. Deməli, onun bu 2 ildə nişanlanmağı həmin vaxta təsadüf edirmiş. Əminliklə deyə bilərəm ki, sizdən ayrılmaq üçün söz-söhbəti də elə o özü bilərəkdən salıbdır. Onun dedikləri yalan və bəhanədir. Əgər sizi sevirdisə niyə başqası ilə nişanlanırdı? Və yaxud niyə həmin ərəfədə bu barədə sizə bildirmədi? Düşünün, məhz niyə sizdən ayrılan kimi nişanlandı və bu ayrılıq nədən yarandı? Siz ki, onu itirmək istəmirdiniz. Axı sevgidə qisas olmur. O, bunu planlı şəkildə edib və əvvəlcədən də buna hazırlıq görübdür. Sizin də inamınızdan istifadə edərək bunu mən yox, anamgil edibdir deyir. O, nə vaxt sizin haqqınızda anasıgilə deyibdir və onlar da nə vaxtsa sizinlə maraqlandılar? Bu barədə heç söhbət belə olmayıbdır. Göydə 2 günəş olmadığı kimi, bir qəlbdə də 2 ülvi sevgi yer ala bilməz. Onun sizə indiki münasibəti sadəcə kənarda sizinlə bir məşuqə kimi görüşməkdir. Sizə sevirəm deməyi isə tamamilə absurddur. Çəkdiyiniz acılar yetər. Özünüzü təzədən əzab dolu o acılar qoynuna atmayın. O artıq nişanlıdır, sizi alası da deyil. Siz də öz xanımlıq qürurunuzu bu qədər ucuz tutmayın. Gələcək taleyinizi düşünərək əsl səadətinizi gözləyin. Sizi unudanı siz də unudun. Onun haqqında düşünməyi belə unudun.
Müəllifdən: Qalan mesajlarla gələn həftə görüşənədək.
İsa Rəvan: (055) 785-84-83



















































.jpg)












































