Eşq aşiqləri
Mənəvi aləmin lövhəsidir eşq,
Gəncliyin ən gözəl nəğməsidir eşq.
Ey eşq aləmindən xəbərsiz olan,
Anla ki, həyatın nəşəsidir eşq.
Ömər Xəyyam
Eşqi duymayan ürək yoxdur. Nə qədər həyat var, bir o qədər də eşq olacaq. Eşqin yaşatdığı hicran isə aşiqlərin sınağıdır. Hicran əzabı sevənlərin sevgi qarşısında eşq imtahanıdır - deyərdim.
(070) 37-02 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan, necəsiniz? Sizin məsləhətinizə ehtiyacım var. Mən bir oğlanla tanış olmuşam. Oğlan evlənib ayrılıb, mən də 2 ay yarım nişanlı olmuşam. Deyir sənə elçi yollamaq istəyirəm. Mən subay, o isə ailəli olub ayrılıb. Ailəm verərmi, necə olar? Ona nə deyim, bilmirəm. Oğlan ürəyimə yatır, mən razıyam, ancaq nə ailəmi, nə də onu itirmək istəmirəm.
Əvvəlcədən təşəkkürlər.
İsa Rəvan: Sevmək hələ tam halında o sevgini yaşamaq demək deyil. Sevib-sevilərək qarşılıqlı formada və hörmət üzərində o sevgi yaşanmalıdır. Hər şey həyatda istədiyimiz kimi olmur. Bəzən istədiyimizin əksi, bəzən də qismən ona nail oluruq. Əldə etmədiyimiz hər bir istək bizə şirin olaraq qalır. Ancaq əldə edəndən sonra çox vaxt onun da qədrini bilməyirik. Əsl sevgi isə istək deyil, qəlbin saf duyğusudur. Bu duyğular ülviyyət üzərində yaşanır.
Hər kəsin sevgisi özünə əzizdir, o cümlədən sizin də. Sevgidə tərəddüd yox, inam və etibar olmalıdır. Şübhəsiz ki, sizin tərəddüdünüz və daxili gərginliyiniz də başadüşüləndir. Bu da sizin qarşılaşdığınız seçimlə əlaqədardır. Siz nişanlı, o isə ailəli olub ayrılıbdır. Səbəbini bilməsək də, bu aydındır. Və bütün bunlar ikinci dəfə düzgün seçim etmək üçün sizin məsuliyyətinizi artırır. Həyatda bu cür hadisələrlə qarşılaşırıq və ailəsindən ayrılmış oğlanla ailə həyatı quran subay qızlar çoxdur. Şəxsən tanıdığım subay qız var idi, heç nişanlı da olmamışdı. Boşanmış oğlanla ailə həyatı qurdu, 2 övladları da var, neçə illərdir ki, xoşbəxt yaşayırlar. Lakin bu xoşbəxtliyi hamıya da şamil etmək olmaz. Bu onların özlərinin qarşılıqlı saf məhəbbəti və ailələrinin ümumi razılığı əsasında olmuşdur. Cəmiyyətimizdə boşanmış xanımın subay oğlanla ailə həyatı qurması problemlərlə üzləşdiyi halda, boşanmış oğlanın subay qızla evlənməsi elə də qınaq obyektinə çevrilmir. Sizin nişanınız qayıdıb, ya qaytarmısınızsa belə, yenə də subay oğlanla ailə həyatı qurmağa haqqınız vardır. Lakin elə reallıqlar vardır ki, o qismətdən qaçmaq olmur. Seçim düzgün olan yerdə əsas qəlbin öz istəyidir. Lakin bu dəfə də yanılmamaq üçün siz seçiminizdə məsuliyyətli olmalısınız. Bunun üçün o oğlanı yaxından tanımalı, xasiyyətinə hərtərəfli bələd olmalısınız ki, ömür yolunda ona güvənə bilərsiniz, ya yox. Ürəyinizə yatmağı ilə yanaşı onun da fikrinin həqiqiliyi və sizə səadət bəxş edə biləcəyi vacibdir.
Qızın ən yaxın rəfiqəsi elə öz anasıdır. Bu haqda ilk növbədə ananıza bildirin, onu sevməyinizi təmiz etiraf edin (əgər oğlanla bərabər bu sevgi və hörmət qarşılıqlıdırsa). Yəqin ki, bir valideyn kimi onlar da sizin taleyinizə biganə qalmayacaqlar. Bundan sonra hə də, yox da olsa, siz artıq o daxili gərginlik və tərəddüddən azad olacaqsınız. Sonrakı hadisələr isə valideynlərinizin verəcəyi qərardan asılı olacaqdır. Sizə xoşbəxtlik arzusuyla.
(050) 47-75 nömrəli mobil telefonun sahibi olan bəy yazır: Salam, İsa Rəvan. Bir müddət öncə başqa bir məsələ ilə bağlı sizə müraciət etmişdim, çox sağ olun, dolğun cavab aldım. İndi yenə də sizin məsləhətinizə ehtiyacım var. İş yerimin yaxınlığında yaşayan bir qızdan xoşum gəlir və ona qarşı fikrim ciddidir. Bir-iki dəfə üz-üzə gəlsək də ürəyimi ona açmağa utanmışam. Fikirləşmişəm ki, onu tanıyanlar kənardan nə deyərlər. Mənə elə gəlir ki, onunla maraqlanmağımı qızın özü də hiss edir. Ancaq mən onu yaxından tanımaq istəyirəm. Bilmirəm nə edim. Xahiş edirəm mənə yenə dəstək olasınız. Sağ olun.
İsa Rəvan: Sevgi azad olduğu üçün sevmək də günah deyil. Kimin harada yaşamağından və uzaq məsafə olmağından asılı olmayaraq sevgi o sərhədləri aşır. Sevgi gözlərin baxışı ilə də qəlbə sirayət edir. Çox vaxt dodağın, dilin danışıb deyə bilmədiyini gözlər deyir. Sizin də yəqin ki, qarşılaşarkən baxışlarınızdan qız özü bunu hardasa hiss edib. Ancaq yenə də ilk addımı o yox, siz atmalısınız. Neçə vaxt onu kənardan müşahidə etməklə hərəkətləri sizi qane edib. Bu bir növ qiyabi tanışlıqdır. Ancaq əyani olaraq da bir-birinizi yaxından tanımalı, xasiyyətlərinizə bələd olmalısınız. Hər kəs öz dilinin altında gizlənib, danışmadan tanımaq olmur. Siz fikrinizdə ciddi və qətiyyətlisiniz. Kənardakılara görə deyil, öz gələcək həyatınız üçün bu sevgini yaşayırsınız. Ona görə də kənardakıların müdaxiləsi yersiz olduğu üçün çəkinməyin. Qızla rastlaşanda onunla əlaqə yaratmağa çalışın. Siz ki, aldatmırsınız, fikriniz ciddidir. Başqa bir yerdə görüşüb ürəyinizi səmimi olaraq ona aça bilərsiniz. Lap onu tanıyanlardan da maraqlanıb soruşmağınız qəbahət deyil. Belə çəkinməyiniz imandan, iman da utancaqlıqdan irəli gəlir. Bu sizin öz seçiminizdir, seçiminizə də çəkinmədən hörmətlə yanaşın.
(055) 46-11 nömrəli mobil telefonun sahibi olan başqa bir xanım yazır: Salam, hörmətli İsa Rəvan. Ailəliyəm, bir övladım da var. Sevib ailə həyatı qurmuşuq. Yoldaşım bizə qarşı pis deyil, ancaq işinə daha çox vaxt ayırıb önəm verir. Bilmirəm nədəndir, getdikcə özümü tənha hiss edirəm. Xahiş edirəm bu haqda mənə də məsləhət verəsiniz. Sağ olun.
İsa Rəvan: Sevgi də, ailə də daim diqqət və qayğı tələb edir. Qarşılıqlı sevgi üzərində qurulan ailə həyatında əldə olunan birgə səadət də hörmət əsasında davam etməlidir. Sevgi kimi hörmət də qarşılıqlı olmalıdır. Bunlar bir-birindən ayrı güclü ola bilməz. Lakin həyatda heç nə əbədi olmadığı kimi, sevgi də əbədi deyil. Ailə həyatı qurandan sonra o sevgi ailə qayğılarına qarışır. Övlad da olandan sonra sevgi övladlarla əhatələnərək onlar üçün yaşanır. Bununla belə sevgi yenə də öz ülviyyətini itirmir.
Sevgi baxmır nə ömürə, nə yaşa,
Dönür hərdən gah bahara, gah qışa.
Sənin ilə mən qalsam da baş-başa,
İlk görüşün yerin vermir, nədəndir?
İsa Rəvan
Təbii ki, qayğılar çoxaldıqca əvvəlki hisslər də azalır. Sevgi olmasa ev də boş və soyuq görünəcək. Sizin ailədə isə bu sevgi tükənməyibdir. Yoldaşınız da sizə qarşı pis deyil. Sadəcə olaraq özünüzü tənha hiss etməyiniz onun sizə çox vaxt ayırmamağından və bu səbəbdən də darıxmağınızdan irəli gəlir. Bu barədə bir ailə olaraq onun özü ilə oturub söhbət edin, işdən əlavə sizə də vaxt ayırmasını təkid edin. O evə gələndə də xoş bir naz və yumşaq inciklik göstərin. Onu ailəyə daha yaxın bağlamaq öz əlinizdədir.
Qalan mesajlarla gələn cümə günü görüşənədək: İsa Rəvan (055) 785-84-83



















































.jpg)












































