Məhəbbət sarsıntıları
Eşqə düşdüm ki, tapım məhəbbətin şarəsini,
Nə biləydim dənizdə bir belə tufan var imiş.
Eşq ürəkləri fəth eləyən sevgi dolu bir aləmdir. O aləm ki, həyatımızı zənginləşdirən duyğularla doludur. Həm də eşq ehtiraslı duyğuların ən güclüsüdür. Lakin eşqin sevinci ilə yanaşı, yaşatdığı acılar da qaçılmazdır. Heç bir aşiq də eşq yoluna qədəm qoyarkən bu acıları yaşayacağı haqqında düşünməyir: "Eşq yaxşı bir ruhi xəstəlikdir".
(055) --39-01 nömrəli mobil telefonun sahibi olan bəy yazır: Salam, İsa Rəvan. Dəyərli məsləhətlərinizi oxuyandan sonra mən də sizə müraciət etmək qərarına gəldim. Mən ailəliyəm, hələ övladımız yoxdur. Bir il nişanlı olandan sonra təzəlikcə ailə həyatı qurmuşam. Böyük bir kollektivdə işləyirəm, bizimlə bərabər çoxlu xanımlar da çalışır. İşim oturaq olmadığı üçün daim bir yerdə olmuram. Ailəm isə mənə inanmır, tez-tez zəng vurub maraqlanır. Yanımda səsləri gələn, gülən o qadınlar isə mənimlə işləyən iş yoldaşlarımdır. Bilmək istəyirəm ki, bu inamsızlıq nə ilə əlaqədardır? Xahiş edirəm bu haqda məsləhət verəsiniz.
İsa Rəvan: Bütün bunlar qısqanclıqdan irəli gəlir. Qısqanclığı yaponlar məhəbbətin aynası adlandırırlar. Sevgi yaşanırsa orada qısqanclıq da olacaq. Ancaq patoloji qısqanclıq o sevginin məhvinə də səbəb ola bilər. Həm də sevgidə inam olmalıdır. İnam olmasa orada şübhələr yer alacaq. Baxın, sevgi qəlbə aid olduğu kimi şübhə də qəlbə aiddir. Ağıl nəyisə dərk etdiyi halda yenə də qəlbdə şübhələr yaranır. Hər hansı bir inamsızlıq və ya vəsvəsə də qəlb vasitəsilə meydana gəlir. Siz artıq gənc ailə olaraq bir yerdəsiniz. Buna qədər də, nişanlı olanda da bir-birinizi yaxından tanıyaraq sevib-sevilmisiniz. İndi artıq qovuşaraq o vüsalı birgə yaşayırsınız. Yoldaşınızın sizinlə tez-tez əlaqə saxlaması təbii ki, qısqanclıqdan, həm də sizi çox istəməyindən irəli gəlir. Digər tərəfdən də siz bütün günü işdə, iş yoldaşlarınızla birlikdə, o isə evdə olur . Sevdiyindən və darıxdığından da zəng edə bilər. Qısqanclığa gəldikdə isə heç kim öz sevdiyini kiminləsə bölüşmək istəməz. Siz ilk növbədə özünüzə qarşı onda inam yaradın. İşdə vaxt tapan kimi ona zəng edərək maraqlanın. Evdə olanda da ailə olaraq ona diqqət və qayğı göstərin, gəzintiyə çıxın. İşinizin strukturunu ona başa salın. Onu çox sevdiyinizi və məhz ailənizə görə işlədiyinizi və bu işdə hər dəqiqə sizi narahat etməməyini bildirin. Bütün dediklərinizi də ona olan münasibətlərinizlə sübut etməyə çalışın. Övladınız da dünyaya gələndən sonra ailənizdə daim sevinc hissləri yaşanacaq. Sizi narahat edən bu situasiyalar da tədricən yox olub gedəcək.
(050) --58-49 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan. Mənim 24 yaşım var. Öz qohumum ilə ailəli olub ayrılmışam, bir övladım da var. Bir yerdə işlədiyimiz subay iş yoldaşım olan oğlan mənimlə ailə həyatı qurmaq istəyir. Onun ailəsi isə buna razı deyil, ancaq oğlan fikrində qətidir. Lakin onu övladlıqdan çıxartmaq qorxusu ilə hədələyib fikrindən çəkindirirlər. İndi oğlan mənə qarşı dəyişsə də, hələ evlənməyib. Əvvəlki kimi münasibət göstərmir. Halbuki mən razılaşmayırdım, o özü bu sevgiyə təkid edirdi. Mən bilmək istərdim, niyə biz boşanmış xanımlar ikinci dəfə ailə həyatı qurmaq istəyəndə bu cür problemlərlə qarşılaşırıq. Məgər bizim buna haqqımız yoxdurmu? Xahiş edirəm bu haqda da fikrinizi bildirəsiniz. Əvvəlcədən təşəkkürlər.
İsa Rəvan: Ara-sıra bu səpgidə mesajlar gəlib və mən qısa da olsa bu haqda fikir bildirmişəm. Məhəbbətsiz həyat yoxdur, vaxt-vədəsi çatanda sevgi hər bir ürəyə hakim kəsilir. Bəla ondadır ki, nə qəlbin gözü var, nə də ki, eşqin. Bunları görərəkdən əlavə duyumsal olaraq ülvi duyğularla yaşanır. Ona görə də sevərkən o sevgini qarşıda hansı maneələr gözlədiyini görcək mümkün olmayır. O ancaq duyulub hiss olunaraq yaşanır. Təbii ki, burada acılar da qaçılmazdır. Ancaq qəlbin səsindən başqa, ağılla düşünərək düzgün seçim edilərsə bir elə də acılar yaşanmır. Sizin seçiminiz də düzgün olmadığına görə acılar yaşayırsınız. Halbuki boşanmış gənc xanım olaraq sizin də ikinci baharınızı yaşayaraq səadətinizi əldə etməyə haqqınız vardır. Başqa cəmiyyətlərdə bu qəbul olunur. Lakin bizim cəmiyyətə xas olmayan xüsusiyyətlərə görə boşanmış gəlinin subay oğlana ərə getməsi normal qəbul olunmayır. Ancaq ailəsindən ayrılmış kişinin subay qız almasına pis baxılmayır. Bəlkə də bu səpgidə hansısa ailə oğlunun seçimi razılaşar. Lakin onlar da qohum-qonşunun tənəsindən, söz-söhbətlərindən çəkinirlər. Sanki bu adət-ənənə halını alaraq artıq milliləşibdir. Bununla belə bizdə bu seçimdə ailə həyatı quranlar da var. Lakin çox azdır, demək olar ki, milyonda bir faizdir. Ona görə də hər bir valideyn övladının seçiminə münasibətini bildirir və bu mənada da fikirləri alt-üstə düşməlidir. Elçi getmək, nişan aparmaq hər ananın arzusudur. Və hər ana da öz xasiyyətinə uyğun, ürəyinə yatan qızı gəlin paltarında evinə gətirmək, oğul nəvəsini görmək istəyir. Bax, boşanmış gəlinlə subay oğlanın təmiz sevgisinə mane olan başlıca səbəblərdən də əsası budur. Bölgələrdə bu mövzu daha qəbulolunmazdır. Ona görə də o oğlanla sevginiz baş tutmayır. O evdə ki, narazılıq olacaq, orada ailə səadəti əldə etmək də çətin olacaq. Bu halda oğlan mübarizə aparsa da, sonu sizi sevən oğlan kimi övladlıqdan imtina edilməklə üzləşəcək. Ancaq unutmayın ki, övladın xeyir işində valideyn xeyir-duası, razılığı vacib və önəmlidir. Çünki yaxşı mənada başqa cəmiyyətlərdən fərqli olaraq bizdə valideyn övladına sonadək diqqət və qayğısını əsirgəməyir.
Sizə düzgün seçim əsasında ikinci baharınızı yaşayaraq yenidən ailə səadəti əldə etməyinizi arzulayıram.
Gələn həftənin cümə günü görüşənədək.
İsa Rəvan: (055) 785-84-83



















































.jpg)












































