Folklor İnstitutu Novruzun 4 çərşənbəsinin mütləq ardıcıllıqla keçirilməsini düzgün hesab etmir
"Aksioma şəklində çərşənbələrlə bağlı ardıcıllığın olmasını elmi həqiqət kimi qəbul edə bilmərik"
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Novruzun 4 çərşənbəsinin mütləq ardıcıllıqla verilməsini düzgün hesab etmir.
Folklor İnstitutunun direktoru Muxtar İmanov Apa -ya açıqlamasında bildirib ki, şimali və cənubi Azərbaycanın, o cümlədən Türkiyənin azərbaycanlılar yaşayan bölgələrinin heç birində bu çərşənbələr rəsmi ardıcıllıqla qeyd olunmur. Bəzi yerlərdə hətta 5-7 çərşənbənin qeyd olunduğunu deyən direktor vurğulayıb ki, belə olan halda bu cür ardıcıllıq düzgün sayılmır: "Hazırda ölkədə 4 ünsürə əsasən çərşənbələr müəyyən ardıcıllıqla keçirilir. Burada qəbahət yoxdur. Sadəcə,. məsələnin məğzi odur ki, aksioma hesab edərək demək olmaz ki, bu ardıcıllıq mütləq belədir. Sadəcə, Novruzun fəlsəfəsi budur ki, təbiətin oyanmasında bu 4 ünsür iştirak edir. Yoxsa onların ardıcıllıqla verilməsi, çərşənbələrin də bu ardıcıllığa əsasən qeyd ediilməsi məsələsi yoxdur. Mən dediyim bu məsələ elmi auditoriya üçündür, kütləvi təbliğat üçün yox..."
M.İmanovun sözlərinə görə, Azərbaycanın ayrı-ayrı bölgələrində - Qarabağda, Naxçıvanda və azərbaycanlıların daha çox yaşadığı Türkiyənin Qars bölgəsində də belə bir anlayış var ki, yazda təbiətə istilik gəlir: "İstilik əvvəl havaya gəlir, sonra suya, torpağa, oda keçir və sair. Burada da hökmən demir ki, istilik əvvəl suya, torpağa gəlir. Fəlsəfəyə görə, qışda təbiət ölür, yazda isə oyanır. Folklorda, mifologiyada oyanma fəlsəfəsi var. Fəlsəfəyə görə təbiətin yenidən oyanması üçün istilik lazımdır. O istilik gələndə təbiət oyanır və yaz öz hökmranlığına başlayır. Yoxsa aksioma şəklində çərşənbələrlə bağlı ardıcıllığın olmasını elmi həqiqət kimi qəbul edə bilmərik. Amma xalq neçə illərdir belə qəbul edibsə, davam etsin, bunun ziyanı da yoxdur. 4 çərşənbəni qeyd etmək insanın yadına 4 müqəddəs ünsürü salır. Amma çərşənbə 5-7 olanda, 4 ünsür anlayışı kənarda qalır. Xalq buna özünəməxsus adlar verir. Şifahi xalq ədəbiyyatının, ənənənin xüsusiyyətlərindən biri də çoxvariantlı olmaqdır. Bayramın da müxtəlif formada qeyd olunması şifahi ənənənin öz xüsusiyyətidir. Bundan qorxmaq lazım deyil".
Qeyd edək ki, bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.
Çərşənbələrin ardıcıllığı isə belədir: Su, Od, Yel və Torpaq çərşənbəsi.
Mediainfo.az



















































.jpg)












































