Məhəbbət aşiqləri

Məhəbbət aşiqləri

26 Fevral 2015 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Məhəbbət odur ki, odu sönməsin,

İnsan yaşadıqca üzü dönməsin.

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin.

(N.Gəncəvi)

Dünyanın əvvəli də, sonu da məhəbbətdir. Məhəbbət olmasaydı bəşəriyyətin bu qədər mövcudluğu da olmazdı. Məhəbbət ülvi duyğularla dolu sehr aləmidir. Yaranan hər bir insan bu sehr aləminin duyğularını yaşayır. Ancaq yaşanan bu duyğuların sonluğu hamı üçün eyni cür tamamlamır. Bu duyğuların sevinc dolu vüsalı, əzab dolu acıları da qaçılmazdır. Hicran acılarını yaşayan ürək, həmin vaxt mənəvi bir dəstəyə ehtiyac duyur. Bizə ünvanlanan müraciətlər də bu ehtiyacdan yaranan zərurətdir.

(055) 41-92 nömrəli mobul telefonun sahibi olan xanım Qərb bölgəzindən yazır: Salam. Mənim 19 yaşım var. 2 il bundan qabaq hazırlıq kursunda bir oğlanla tanış oldum. Bir il yarım sevgili olduq və artıq bir aydır ki, ayrılmışıq. Xasiyyətimiz uyğun deyildi. O, çox özünə qapalı idi. Amma mən ondan fərqli olaraq hər bir dərdimi, problemimi, hətta ailə problemimizi də onunla bölüşürdüm. Mənə fikrinin ciddi olduğunu deyirdi. Amma mənimlə danışdığını ailəsindən, qohumlarından, hamıdan gizlədirdi. Hətta telefonunun kontaktında da mənim adımı oğlan adı kimi yazmışdı. Evdə olanda mənimlə danışırdı, sanki mən oğlan, o qız idi. Mən bir dəfə məcburiyyətdən ona yalan danışdım. Çünki o məni çox sıxırdı, məni qohumlarımızla əlaqə sağlamağa qoymurdu. Mənim teleəfonuma qohumumuz olan bir qadından sms gəlmişdi. Mən ona yalandan dedim ki, bakseldəndir, sms-i göstərmədim. O, inanmadı, neçə dəqiqədən sonra doğrusunu dedim ona. Onsuz da mənimlə soyuq davranırdı, bu yalandan sonra lap dəyişdi. Məni hər şeyə həsrət qoyurdu. Hətta valideynlərimlə belə qoymurdu bir yerə gedəm. İşə qəbul olandan sonra çox dəyişdi, sanki ikili xarakterli biri idi. Gah yaxşı danışırdı mənimlə, gah da soyuq. Mən ona görə hər şeyi gözə almışdım, hətta ailəmi belə. Bakıda kollecdə oxuyurdum, onun bir kəlməsiylə o məktəbdən də çıxıb evdə oturdum. Mənə demişdi ki, oxuma, onsuz da səni işləməyə qoymayacağam, oxuma çıx. Mən də çıxdım. İndi isə çox peşimanam, çox səhvlər etdim. Mən onu unutmaq üçün qohumumuz olan oğlanla sevgili oldum. Bu oğlan məni çox sevir. Mən düşündüm ki, zamanla keçmiş həyatımı unudub bu oğlanla yeni həyat quraram. Görürəm ki, o da alınmır, unuda bilmirəm. Həm də bu oğlan məndən 2 yaş kiçik imiş. Bunu məndən gizlədib, yenicə açıb deyib. Mən də ayrılmaq istəyirəm, amma nə edirəmsə, nə deyirəmsə ayrılmır. Həm də hər iki tərəfdən valideynlərimiz narazıdı. Mən özümdən yaşca kiçik oğlanla ailə həyatı qurmaq istəmirəm. Bunu onun özünə deyəndə, deyir ki, yaşın fərqi yoxdur, mən sənsiz yaşaya bilmərəm. Deyir səndən ayrılan günü mənim ölüm günümdür, səndən başqasını istəmirəm. Mən də onun qəlbini qırmadan ayrılmaq istəyirəm, amma bilmirəm necə edim. Onun özünün uzaqlaşmağın istəyirəm. Ağlım qarışıqdı, nə edəcəyimi bilmirəm. Çox pis vəziyyətdəyəm, hər şeyə səbəbsiz yerə əsəbləşirəm. Tək qalmaq istəyirəm, heç kimi görmək istəmirəm. Bilmədən hamıyla pis davranıram. Sonra da peşeman oluram.

İsa Rəvan: Hər şeyi bu qədər geniş və ətraflı yazmağınız, çıkdiyiniz acıların dözülməzliyi və qəlbinizin saflığı ilə hər kəsə inanmağınızdır. Sevgidə mənəvi əzablar olur, ancaq sonadək bu qədər iztirab və acılar olmamalıdır. Əzablar içində sevgi yox, sevgilər içində fərdi əzab yaşana və ola bilər. Sevgi qarşılıqlı diqqət və qarşılıqlı sevgi əsasında yaşanmalıdır. Hər cür mənfi fikirlər və kobudluq sevgidən uzaq olmalıdır. Ülvi hisslər qəddarlıq, kobudluq və bütün pisliklərdən kənardır. Əgər bunlar iki sevən arasında yaşayırsa onda o sevgi deyil. İnamsızlıqla uğur əldə etmək olmaz. Sevgidə də inam olmaşsa o sevgi vüsal dolu anlarını yaşaya bilməz.

Sizin isə sevginiz qarşılıqlı olub. Birtərəfli sevgidə həmişə Sevən tərəf əzab və acılara məruz qalır. Necə ki, siz indi o acıları çəkirsiniz. O necə sevməkdir ki, sizi sevməyini həm ailəsindən gizlədir, həm də telefon kitabında adınızı başqa adla yazır? Sizi doğmalarınızla ünsiyyətdən məhrum edərək qadağalar qoyur, hətta ailənizin içinə də müdaxilə edir. Siz özünüzü ondan elə asılı vəziyyətə salmısınız ki, bütün ixtiyarınız onun əlində olub. Öz valideynlərinizlə bir yerə getməyə də icazəniz olmayıb. Siz təhsilinizi də ona görə atmısınız. Ümumiyyətlə, sevginizin deyil, o oğlanın əsirinə çevrilərək ondan icazəsiz sadəcə olaraq canlı bir cisim olmusunuz. Halbuki onun nə elçiləri gəlib, nə də nişanlı deyildiniz. Quru sözlə sizi sevirəm deməyinə inanmısınız. Doğma ailəni, ən yaxın əzizləri belə sevgiyə qurban vermək olarmı? Lap bu Sevgi baş tutsaydı belə yenə onunla öz səadətinizi əldə edə bilməyəcəkdiniz. Onun valideynləri, doğmaları ona əziz olduğu kimi, sizinkilər də sizə əziz olmalı idi. Onun əsarəti altında, göz yaşları içində siz necə xoşbəxt ola bilərdiniz. Aranızdakı səmimiyyət, hər iki tərəfin valideynlərinə hörmət qarşılıqlı olmalı idi. Bütün bu olanlara günahkar sizp özünüzsünüz. Çünki ilk gündən onun özünün sizə "ağalıq" etməyinə şərait yaratmısınız. Siz onun hər dediyinə əməl etdikcə, o daha da üstünlük əldə etməyə başlayıb. Siz zəiflik etdikcə o daha da güclənib. Siz 2 il Zülm içində onunla Sevgi yaşamısınız axırda xasiyyətiniz düz gəlməsib. Bunları əvvəldən bilməliydiniz. Ancaq onu yaxından tanımadan, xasiyyətinə bələd olmadan onun bircə kəlmə quru sevirəm sözünə inanaraq hər şeydən keçmisiniz. Kor-koranə sevginin sonu hicrandır. Ondan özünüzə, ailənizə qarşı bir hörmət, diqqət və qayğı görmürdünüzsə həmin anlarda geri çəkilməliydiniz. Bunlar ki, qəlbin hissinə deyil, ağıla dəlalət edir. Siz öz xanımlıq qürurunuzu onun ayaqları altına atmısınız, o da bundan qəddarcasına istifadə edib. Əsl sevgidə bu cür qəddarlıq və hörmətsizlik olmur. Siz digər sevilən xanımlardan nəyə və kimə görə özünüzü ucuz tutmalıydız. Axı sizin valideynləriniz sizin xoşbəxtliyinizi istədikləri kimi, siz də öz düzgün seçiminizlə onları sevindirməlisiniz. O oğlandan da qabaq sizə ən vacibi valideynlərinizin razılığı və xeyir-duasıdır. Sevinin ki, gec də olsa onu tanıyıb ayrılmısınız. Onsuz da bu onun tərəfindən yalan sevgi idi və siz də aldanmışdınız. Sizə dəyər verməyəni siz də unudun.

İndi 2-ci dəfə təzədən düzgün olmayan seçimlə səhv sevgi yaşayırsınız. Qohumunuz olan oğlan sizdən 2 yaş kiçikdir. Həm də hər ikinizin valideynləri bu işə razı deyil. Digər tərəfdən onun hələ 17 yaşı var. Onun sizi istəməyi keçid yaş dövrünün çılğın sevgisidir. Ona elə gəlir ki, sizsiz həyat yoxdur. Ancaq illər keçdikcə bunun əksi olacaq. Siz də 2 il bundan qabaq 17 yaşınızda o çılğın sevginizin əsirinə çevrildiniz. Yəni düşüncələriniz sizi aldatdı. Bu dəfə isə aldanmayın. Bilirsiniz ki, indiki oğlanla da alınmayacaq nədən özünüzü əzab içində üzməlisiniz. Siz istəməsəniz kimsə sizi sevməyə məcbur edə bilməz. Narahat olmayın, gələcəyiniz hələr qabaqdadır. Tanımadan, bilmədən hər adama ürəyinizi verməyin. Ən başlıcası da acizlik göstərməyin. Sizə xoşbəxtlik arzusu ilə.

Müəllifdən: Bu mesajın həm özü, həm də cavabı geniş olduğundan başqa mesajlara yer qalmadı. Gələn sayımızda digər mesajlarla görüşənədək.

İsa Rəvan

(055) 785-84-83