Narahat ürəklər

Narahat ürəklər

26 May 2015 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Talelər müxtəlif, qismətlər fərqli,

Adam var sevincli, adam var dərdli.

Ömür də nə qədər olsa önəmli,

Həyatı əzabsız yaşamaq olmur.

( İsa Rəvan).

Həyat varsa problemlər də qaçılmazdır. Problemlər olmasaydı yaşamaq naminə nə mübarizə, nə də həyatın marağı olardı. Həyatın keşməkeşliyi də məhz gözlənilmədən yaranan hadisələrdən irəli gəlir. O hadisələr ki, istər-istəməz insana acılar yaşadır. Ona görə də əzabsız həyat olmur. Bu mənada əzab çəkən ürək mənəvi dəstəyə ehtiyac duyur. O ehtiyacdan yaranan suallara keçid alıram.

055 / ... 93-29 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan. Mənim 30 yaşım var, xəstəxanada tibb bacısı işləyirəm. Yaşım az olmasa da ixtiyarım öz əlimdə deyil, valideynlərim bütün həyatıma müdaxilə edirlər. Atamla-anam məni işə buraxmayıb deyirlər ki, evdə otur, ev işlərinə köməklik elə. Bundan qabaqlar da bu hallar baş verdiyindən dəfələrlə sarsıntılar keçirmişəm. Mən valideynlərimə heç nə deyə bilmirəm. Bütün günü evdə oturmaq məni çox yorur. Bu fikirlər məni sıxdığından depressiyaya düşürəm. Neçə yerdən istəyənlərim oldu, bəzilərinə valideynlərim bir neçəsinə də özüm yox demişəm. Evdən baş götürüb qaçmaq istəyirəm. Xahiş edirəm mənə kömək edəsiniz.

İsa Rəvan: Həyat hamı üçün bir yaşayış məkanı olsa da, hamı həyatı eyni cür yaşamır. Gündəlik həyatda baş verən hadisələr yaxşı və ya pis mənada insanın həyatına da öz təsirini göstərir. Ona görə də ruhda daim dəyişikliklər baş verir, həm iztirab çəkir, həm də fəaliyyətdə olur. Pifaqorun deyimi ilə desək " İnsanı həyat halları və şərait idarə edir ". Ömrün necə yaşanmağı yox, mənalı yaşanmağı əhəmiyyət kəsb edir. Onsuz da ömür qısa zaman çərçivəsində elə zaman sürətilə də tez keçib gedir. Gərəkdir ki, hər günün özünü dolğun və mənalı yaşayasan.

Sizin elə yaş dövrünüzdür ki, hər bir işin yaxşı və pis olduğunu yetərincə dərk edirsiniz. Gözəl bir sahədə işləyir və insanlara şəfqət verirsiniz. Bununla belə siz yenə də valideynləriniz üçün sanki uşaq olaraq qalmısınız. Onsuz da övlad hər bir yaşda valideyn üçün uşaq olaraq qalır. Bu, valideynin övladına olan məhəbbəti və onun həyatına görə narahat olmağından irəli gəlir. Ancaq dəfələrlə demişik ki, valideynin də övladının həyatına yersiz müdaxiləsi yol verilməzdir. Valideyn övladına həm də dost olmalıdır. Bu cür səmimiyyət ailədə həm də mehribançılıq yaradır. Hazırkı vəziyyətdə valideynlərinizin sizi işdən ayırmaqları düzgün deyil. Bu həm fiziki cəhətdən sağlamlığınıza, həm də gələcək taleyinizə qarşı sədd çəkməkdir. Siz onsuz da işdən sonra yəqin ki, digər xanımlar kimi evdə də müəyyən işlər görüb köməklik edirsiniz. Digər tərəfdən hər hansı bir insanın bütün günü evdə oturmağı normal hal deyil. Belə olduqda insanın aurası mənfi enerji ilə yüklənir və bu da onu pessimist vəziyyətə salır. İşdə və ya gəzintidə olanda isə insan daxili gərginlikdən uzaqlaşaraq ətrafdan müsbət enerji qəbul edir. Çünki işdə çoxlu ünsiyyət olduğundan istər-istəməz beyin müsbət fikirlərlə əhatə olunur. Digər tərəfdən də bu qədər istəyənləriniz də təbii ki, sizi evdən kənarda olarkən (işdəmi, gəzintidəmi və. s.) görüb bəyəniblər. Bundan sonra valideynləriniz sizi evdə oturdurmaqla nə əldə edəcəklər. Siz də insan olaraq ömrünüzü və bu yaş dövrünüzü sıxıntılar içində yaşamalı deyilsiniz. Axı ömür təkrarlanmadığı kimi, bu gənclik dövrünüz də bir daha geri qayıtmayacaq. Qızın ən yaxın rəfiqəsi öz anasıdır. Yaxşı olardı ki, siz bütün bu deyilənlər haqqında ananızla ətraflı söhbət edəsiniz. Onu susdurmağa deyil, fikirlərinizə və özünüzə qarşı inandırmağa çalışın. Evdən baş götürüb qaçmaq fikrini isə biryolluq beyninizdən çıxardın. Belə olduğu halda heç də siz xoşbəxtlik əldə edə bilməzsiniz. Sonrakı peşmançılıq təəssüfdən başqa heç bir fayda vermir. Yaşınızı da nəzərə alaraq sizi bu qədər istəyənlərə qarşı biganə olmayın. Ürəyinizə yatanlardan birinə düzgün seçim əsasında razılıq verməyinizin vaxtıdır. Sizə xoşbəxtlik arzusu ilə...

050 / ... – 84 – 17 nömrəli mobil telefonun sahibi olan bəy yazır: Salam. Mənim yardıma ehtiyacım var, amma maddi yox, mənəvi yardıma. Çünki atamın-anamın rəhmətə getməyindən istifadə edib mənim olanı, haqqım olanı hər cür zor tətbiq edib əlimdən alıb sahiblənirlər. Bacım evi satıb özünə xərcləyir, inanılmaz oyunlar aşırlar başıma. Xahiş edirəm mənə kömək edin.

İsa Rəvan: Sizin düşdüyünüz duruma təbii ki, mən də acıyıram və belə olmasını istəməzdim. Yəqin ki, bütün oxucular da bu işdə sizə mənəvi dəstəkdirlər. Ancaq bu mənəvi dəstəklə sizin mülkiyyət bölgünüz həll olunmur. Siz yaxşı olardı ki, ilk növbədə məhkəməyə müraciət edəsiniz. Məhkəmə hüquqi baxımından bu məsələyə düzgün qərar verən ali və hakim strukturadır. Digər tərəfdən də bilməlisiniz ki, ata mülkündən qalan miras payında hər bir övladın pay haqqı vardır. Və sizin də haqqınız olan bu payı kimsə əlinizdən ala bilməz. Bu haqqın tapdanması həm Allah qarşısında günahdır, həm də dövlət qanunçuluğunda düzgün deyil. Doğmalar arasında mülkə, var-dövlətə görə baş verən münaqişələrlə birinci hal deyil ki, qarşılaşırıq. Dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq. Əgər bir atadan, bir anadan dünyaya gələn doğmalar arasında miras bölgüsünə görə belə hallar baş verirsə, burada hansı doğmalıqdan söhbət gedə bilər. Dünya malını doğmalarından üstün tutanlar azacıq da olsa düşünməlidirlər ki, onlar özləri də bu dünyada əbədi deyillər. Çox güman ki, bu işdə sizin sakit və mülayim olmağınızdan istifadə olunur. Ancaq bilin ki, qanunlar sizin də haqqınızı qoruyur. Odur ki, öz haqqınızı tələb etməkdən çəkinməyin. Ailədaxili yaşanan bu problemi siz ancaq qanunların düzgünlüyü ilə tənzimləyə bilərsiniz. Kimsə məcburi sizə razılaşma üçün zor tətbiq edə bilməz. Buna görə hüquq-mühafizə orqanlarına da müraciət edə bilərsiniz. Sizə səbir və haqqınız olan miras payınızın tezliklə özünüzə qayıtmasını arzulayıram.

050 / ... 54 – 88 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam. İşimdə, həyatımda hər şey yaxşı olsa da, yenə özümü narahat hiss edirəm. Başqalarının başına gələn pis hadisələrin mənim də başıma gəlməyindən qorxuram. Deyəcəyiniz fikirlərə görə əvvəlcədən təşəkkür edirəm.

İsa Rəvan: İnsan bu günü üçün deyil, sabahı, gələcəyi naminə yaşayır. Ancaq bu günü yaşamadan sabaha hakim olmaq olmaz. Heç kim deyə bilməz ki, sabah onu nələr gözləyir. Belə olsaydı həyat maraqsız və yaşamaq da qorxulu olardı. Ona görə də həyat yaşamaq naminə mübarizə tələb edir. Hər kəs yaxşı və ya pis mənada öz qismətini yaşayır. Stress başımıza gələn hadisənin deyil, onu necə qavramağımızın nəticəsidir. Onsuz da gündəlik həyatda rastlaşdığımız hadisələr çoxdur. Onların hamısını ciddi qəbul etsək, təbii ki, yaşam tərzində narahatçılıq yaranacaq. Sizdə hər şey yaxşıdırsa bu qismətinizlə razılaşıb pis fikirlər haqqında düşünməyin. Əgər yaxşı və ya pis nəsə olacaqsa, biz zamanı qabaqlamaq iqtidarında deyilik. Hər kəs öz qismətini yaşayır, başqaları necə həyatını dəyərləndirirsə, siz də eləcə dəyərləndirin. Həyat gözəldir, sadəcə optimist olaraq yaşamaqdan zövq almaq lazımdır. Əgər belə etməzsinizsə xoş günlərinizi də dəyərləndirə bilməzsiniz. Həyat insana bir dəfə verilir və bir daha təkrar olunmayır. Çalışın şanslarınızdan maksimum istifadə edərək həyatınızı dəyərləndirib, ömrünüzü mənalı yaşayasınız.

İsa Rəvan. 055 / 785 – 84 – 83.