Yüksək bal yığanların heç biri jurnalistikaya meylli deyil

Yüksək bal yığanların heç biri jurnalistikaya meylli deyil

5 Avqust 2015 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə dövlət Komissiyası son günlər bəzi mətbuat orqanlarında "Jurnalistika ixtisasına qəbulla bağlı gedən müəyyən mülahizələr, irad və qeydlərə aydınlıq gətirmək üçün "Jurnalistika" ixtisasına qəbul prosesinə dair məlumatları açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ildən başlayaraq "Jurnalistika" ixtisasına qəbulda dəyişiklik edilərək qabiliyyət imtahanları tətbiq olunub. "Jurnalistika" ixtisasına qəbulla bağlı edilən dəyişikliklərə əsasən, jurnalistika ixtisasına qəbul üçün müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmiş və müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlərdən təqdim olunan mövzu üzrə esse (inşa) yazmaq tələb olunur.

Qabiliyyət imtahanında abituriyentlərə təqdim olunan esse mövzuları 200-dən çox mövzu içərisindən seçilib. Mövzular əhatə etdiyi sahələrə və istiqamətlərinə uyğun olaraq 3 qrupa bölünüb. Qruplardan birinə müstəqillik, dövlətçilik, vətənpərvərlik, millilik, ana dili, vətəndaşlıq, tarix, təhsil, peşə, elm sahələrinə aid, ikincisinə jurnalistika, dostluq, insanpərvərlik, insanın daxili dünyası, sağlamlıq, ekologiya sahələrinə aid, üçüncüsünə isə problematik situasiya və müzakirə xarakterli mövzular daxil edilib. İmtahan zamanı abituriyentlərə hər qrupdan 1 mövzu olmaqla 3 mövzu təqdim edilib və onlar istəklərinə uyğun olaraq bu mövzulardan birini seçməklə esse yazıblar.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilərək videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.

Essenin qiymətləndirilməsi üçün nəzərdə tutulan qiymətləndirmə meyarlarında inşanın mövzuya uyğunluğu; essenin həcmi, tərkib hissələri (giriş, əsas hissə və nəticə-sonluq) arasında məntiqi rabitə, mövzunun yaradıcı şəkildə şərhi və əhatəlilik səviyyəsi, fərdi baxışların, fikirlərin məntiqi ardıcıllıqla verilməsi və inandırıcı olması, Fikrin sitatlarla, nümunə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması, söz ehtiyatının zənginliyi, ifadəliliyi, yığcamlığı, üslubun vahidliyi və orijinallığı, yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) sayı kimi 5 istiqamət üzrə meyarlar əsas tutulub.

Bu istiqamətlərin hər biri üzrə qiymətləndirmə ayrıca aparılır. Hər istiqamət üzrə "0", "1" və ya "2" bal verilir (hər istiqamət üzrə maksimal bal 2-dir) və beş istiqamət üzrə verilmiş ballar cəmlənərək esse üzrə yekun qiymət çıxarılır (esse üzrə maksimal bal 10-dur). İnşa (esse) üzrə yekun qiymət 5 və ya 5-dən böyükdürsə esse "məqbul", 5-dən kiçikdirsə "qeyri-məqbul" hesab edilir.

Yalnız dil qaydaları ilə bağlı səhvlər (orfoqrafik, leksik, qrammatik və s.) esseyə verilən yekun qiymətin cəmi 20%-ni təşkil edir (qalan 80% jurnalist üçün ən vacib keyfiyyətlərə: mətnin məntiqi strukturunun qurulmasına, məzmununa, fikirlərin əsaslandırılmasına, söz ehtiyatının zənginliyinə və s. aiddir).

Qabiliyyət imtahanında iştirak edən abituriyentlərin esselərinin yoxlanması markerlər (ekspertlər) tərəfindən həyata keçirilir.

Bu il esselərin yoxlanılması prosesinə treninqdən müvəffəqiyyətlə keçmiş 15 jurnalist (1 mütəxəssis yoxlamada iştirakdan imtina etmişdir) və 15 Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb edilib. Hər bir esse 2 marker tərəfindən (1 jurnalist və 1 Azərbaycan dili və ədəbiyyat müəllimi) qiymətləndirilib. Hər iki markerin "məqbul" qiymətləndirdiyi esselər "məqbul", hər iki markerin "qeyri-məqbul" qiymətləndirdiyi esselər "qeyri-məqbul" ilə qiymətləndirilib Bir markerin "məqbul", digərinin "qeyri-məqbul" ilə qiymətləndirdiyi esse qiymətləndirilmək üçün üçüncü markerə verilib. Üçüncü markerin qiyməti "məqbul" olduqda essenin qiyməti "məqbul", "qeyri-məqbul" olduqda essenin qiyməti "qeyri-məqbul" ilə qiymətləndirilib.

Xatırladaq ki, bu il qabiliyyət imtahanında iştirak etmək üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 492 nəfəri müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edib, imtahanda iştirak edənlərin 341 nəfəri müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Qabiliyyət imtahanında iştirak edən 163 abituriyentdən 57 abituriyent "məqbul" qiymət alıb (178 abituriyent qabiliyyət imtahanında iştirak etməyib). Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Müqayisə üçün bildirək ki, 2014-cü ildə "məqbul" qiymət alan abituriyentlərin sayı 51 (45 nəfəri Azərbaycan, 6 nəfəri rus bölməsi) idi.

600-dən çox bal toplayan abituriyentlər ümumiyyətlə qabiliyyət imtahanına gəlməyib, 500-600 intervalında bal toplayan abituriyentlərin isə cəmi 37%-i qabiliyyət imtahanında iştirak edib. Bu isə o deməkdir ki, yüksək nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meylli deyillər.Qeyd edək ki, TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərir. Apelyasiya komissiyasına imtahan nəticələri ilə bağlı cəmi 8 abituriyent müraciət dib.

Mediainfo.az