Türkiyə mərhum Güləni qəbul etməyəcək

Türkiyə mərhum Güləni qəbul etməyəcək

22 Oktyabr 21:48
Bəyəndim (2) Bəyənmədim (0)

Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı “FETÖ” terror təşkilatının bir müddət əvvəl vəfat edən lideri Fətullah Gülənin Türkiyədə dəfn olunmayacağını bildirib.

Bildirib ki, respublikada mərhum din xadimini dəfn etməyə yer yoxdur. Baxçalı Gülənin “cəhənnəmdə əbədi yanmasını” arzulayıb.

“Kaş ki, cəhənnəmdə əbədi yansın. Türkiyədə bu terrorçunun dəfn oluna biləcəyi yer yoxdur. Türkiyəyə düşmənçilik göstərdiyi yerdə çürüməsi lazımdır” - Dövlət Baxçalı deyib.

Bundan əlavə, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Gülənin dəfn olunacağı yerin olmadığını bildirib. O, onu terrorçu lider və vətəndaşlığı olmayan şəxs adlandırıb.

“Sözcü” qəzeti xəbər verir ki, “FETÖ” liderinin ABŞ-da vəfat edəcəyi təqdirdə Türkiyəyə aparmağı və anasının məzarının yanında dəfn etməyi vəsiyyət etdiyi iddia edilir.

Bununla belə, Türkiyə kəşfiyyatının keçmiş hesabatlarında Fətullah Gülənin ABŞ-da artıq dəfn yerinin hazırlandığı bildirilirdi.

Xatırladaq ki, Gülən oktyabrın 20-də ABŞ-da dünyasını dəyişib. Türkiyə hakimiyyəti onu 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham edib. 1999-cu ildən ABŞ-da yaşayırdı.

Almaz Həsənli