
Çin ABŞ-ın bəzi mallarına rüsumları qaldırmağa hazırdır
Çin ABŞ-dan idxal edilən bəzi malları 125% rüsumdan azad edə bilər və artıq bu planı həyata keçirmək üçün ilk addımları atır. Bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat yayıb.
Çinin Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupu hazırda tariflərdən azad edilə biləcək malların siyahılarını tərtib edir və şirkətləri öz təkliflərini təqdim etməyə çağırır.
“Caijing” maliyyə jurnalına görə, Pekin siyahıya yarımkeçirici istehsalı ilə bağlı səkkiz məhsul əlavə edə bilər.
Cümə günü sosial şəbəkələrdə rüsumdan azad edilə bilən 131 kateqoriyalı malların siyahısı aktiv şəkildə yayılıb. Onların arasında vaksinləri, kimyəvi maddələri və təyyarə mühərriklərini görə bilərsiniz. Lakin bu siyahının həqiqiliyinə dair heç bir təsdiq yoxdur.
Onu da əlavə edək ki, Çindəki Amerika Ticarət Palatasının prezidenti Maykl Qartın sözlərinə görə, son bir həftə ərzində təşkilatın bəzi üzvləri yeni rüsumlar tətbiq edilmədən mal idxal edə biliblər.
Aprelin əvvəlində Çin bütün Amerika mallarına rüsumları 125%-ə qaldırmaq qərarına gəlib.
Bu tədbirlər ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara rüsumları artırmaqla bağlı hərəkətlərinə cavab idi. Daha əvvəl bildirilmişdi ki, Çindən ABŞ-a idxal olunan malların ümumi tarif dərəcəsi əvvəlcə planlaşdırıldığı kimi 125% deyil, 145% olacaq.
Ticarət müharibəsi Amerika təyyarələrinin Çinə tədarükünü şübhə altına alıb. Tariflər Amerika istehsalı olan təyyarələrin və hissələrin qiymətini iki dəfə artırdı və çinlilərin onlardan bəzilərini almasını qeyri-mümkün etdi.
Almaz Həsənli