Bəzi cəzalar ağırlaşdırılır
Azərbaycanda Silahlı Qüvvələrdən və qanunvericiliklə nəzərdə tutulmuş silahlı birləşmələrdən xalqa və dövlət qurumlarına qarşı istifadə etməyə görə cəzalar ağırlaşdırılır.
Milli Məclisdən apa -ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 275.1-ci maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda bu rəqəmlər müvafiq olaraq 5 ildən 10 ilə qədərdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Casusluqla bağlı cəzalar da sərtləşdirilir, həbs müddəti artırılır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanın təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə, azadlıqdan məhrum etmə minimum 10 il olaraq hesablanaq.
Hazırda bu rəqəm 7 ildir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mediainfo.az