Əfv olunanlarla bağlı reportaj

Əfv olunanlarla bağlı reportaj

30 May 2014 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 27-də Prezidentin əfv sərəncamı ilə 170 nəfər dustaq çəkdiyi cəzanın qalan hissəsindən azad olundu. Sərəncamın icrasını müşahidə edən jurnalistlərin tərkibində Axar.az-ın nümayəndəsi olaraq mən və foto-müxbirimiz İsmi Şahzadə də vardı.

4 qrupa bölünən jurnalist heyəti Ədliyyə Nazirliyinin Penitensiar Xidməti idarəsinin nümayəndələri ilə birgə CÇM-də oldular. Bizim qrup 4 və 10 saylı CÇM-ə düşmüşdü.

Qrupumuz əvvəlcə 4 saylı CÇM-də oldu. Dustaq qadınlar ömürlərinin müəyyən vaxtını burda keçirir. Onları doğmalarından və azadlıqlarından tikanlı məftillərlə əhatələnmiş xüsusi torpaq şırımları və üstündən çarpaz məftillər keçən divarlar ayırır. Üst-üstə 3-4 metr məsafəsi olan bu maneələri aşmaq, o biri üzə keçmək üçün illərlə vaxt qət etmək lazım gəlir. Ani bir səhvin, düşünülməmiş, yaxud düşünülmüş atılan bir addımın – törədilən cinayətin fəsadı çox ağır olur.


MƏHKUM GÜLLƏR


Biz digər jurnalistlərdən bir qədər tez gəldiyimizdən, müşahidə imkanlarımız daha çox oldu. Kiçik yoxlanışdan sonra CÇM-in ərazisinə buraxılırıq. Cəza müəssisəsinin həyəti səliqəlisi ilə göz oxşayır. Ağardılmış divar boyu əkilən qızılgüllər, az sayda da olsa boy verən ağaclar tikanlı məftillərlə əhatələnmiş bir məkanda öz gözəlliklərini qorumaqla yanaşı ətrafa da bir ekzotik gözəllik verir. Bu güllər də sanki məhkum bir ömür yaşayır.

Bizi qarşılayan zabitlər suallarımı cavabsız qoymur. Rəsmi törənin başlamasına isə bir neçə dəqiqə qalır. Digər jurnalistlər hələ içəri keçməyib. Onları xüsusi avtobus gətirəcək.

Bir azdan növbətçi zabit jurnalistləri kluba dəvət edir. Onlar üçün yer ayrıldığını və çəkiliş aparmaq üçün şəraitin yaradıldığını deyir.


GENARAL ARZU EDİR

Əfv fərmanının icrasına start verilir. Ədliyyə Nazirliyinin Penitensiar xidməti idarəsinin rəis müavini, general-mayor Hüseyn Əlixanov çıxış edir. Bütün dustaqları Nazir Fikrət Məmmədov, Penitensiar xidmətin rəisi general-leytenant Mədət Quliyevin adından bayram münasibəti ilə təbrik etdikdən sonra, Prezidentin əfv sərəncamı ilə azadlığa qovuşan məhbus xanımlara da gələcək işlərində uğurlar arzulayır. Onlara azadlığa çıxmaları üçün arayışları təqdim edir.


ÖLKƏDƏ QADIN HƏBSXANASI OLMASIN


Bərdə rayon sakini, Az. CM-in 178.2.4 maddəsi ilə həbs olunan İbrahimova Kəklik Çoban qızı ölkə başçısına bu sərəncama görə təşəkkürünü bildirir və çıxışının sonunda deyir:

- Arzu edirəm ki, ölkəmizdə qadın həbsxanası olmasın.


FİKİRLƏŞMƏYƏ VAXTI OLANLAR


Azadlığa qovuşan məhbus xanımlarla söhbət edirəm. İbrahimova Kəklik:

- Özümü peşman sayıram. Sözümü isə bayaq dedim. Əlbəttə ki, sevinirəm. Altı ildir ki dar bir yerdə günahlarımın cəzasını çəkmişəm. Fikirləşməyə vaxtım çox olub.


GƏRƏK İRANA KÖÇMƏYƏYDİM


İran İslam Respublikasının vətəndaşı Fəttahova Gülnarə Fəttah qızı:

- Mənim necə tutulmağımı soruşma, gərək İrana köçməyəydik. 234.4 maddəsi ilə həbsdə idim. 7,5 il həbs cəzam vardı. Sağ olsun prezidentimizi, məni əfv etdi.

Gülnarə ona verilən cəzanın 1 il 10 ayını çəkmişdi.

- Gülnarə xanım, hansı hissləri keçirirsiz?


- Sevinirəm. 30 yaşında qızım var, nişanlıdır. Onun toyunu edəcəm. Özüm Naxçıvanda doğulmuşam. Ailəm də elə Naxçıvanda yaşayırdı. Onlar 1946-cı ildən İrandan köçmüşdülər. Qayınanam bizi, müstəqilliyin ilk günündə yığıb apardı vətəninə. Getdik. Nə isə, yaxşı ki, azad oluna bildim...

Gülnarənin sevinci aşkar duyulurdu. Suallara çəkinmədən cavab verir, zarafat da edirdi...


QAPALI QALAN QADIN


Jurnalistlərə qapalı qalmağı ilə seçilən dustaq qadın isə Quba rayon sakini Zülfüqarova Yeganə Abdulla qızı idi. 178.3.2 maddəsi ilə 8 il azadlıqdan məhrum olan Yeganə 6 il qapalı rejimdə yaşasa da, sanki burada özünü hər kəsdən ayrı, tənha hiss edirdi. Acıqlı adam təsiri bağışlayırdı. Jurnalistlərə iradını bildirirdi. Ona verilən suallar cavabsız qaldı. Sevincini isə gizlədə bilmir, məhbus qadınların, eləcə də tədbirdə iştirak edənlərin təbriklərini qəbul edirdi...


BİZİM QIZLAR...


Tədbirdən sonra 4 saylı CÇM-in növbətçi hissə üzrə rəis köməkçisi, ədliyyə mayoru Çiçək xanım Biləndərli ilə söhbət edirəm. Çiçək xanım uzun müddət burada çalışdığını deyir. Təcrübəli işçilərdəndir. Dediklərindən məlum olur ki, təsadüf nəticəsində cinayət törədən dustaqlar və qatı cinayətkarlarla çox üzləşib.
Müəssisənin hər tərəfində səliqə-sahmanın bu qədər ideal olmasına da qısaca cavab verir:
- Bizim qızlar səliqəni sevir, müvəqqəti də olsa, bura onların evidir.


SƏNƏT ÖYRƏNİRLƏR


- Cəza evində məhbus qadınların boş vaxtlarını səmərəli keçirməsi üçün yüksək şərait yaradılıb. Burada məscid, kitabxana fəaliyyət göstərir. Əmək fəaliyyəti ilə məşğul olan qadınlar isə tikiş sexində çalışırlar. Qadınların əksəriyyəti buradan dərzi sənətinə sahib olub azadlığa çıxırlar, - bunu da Çiçək xanım deyir.


TƏƏSSÜF, YALVARIŞ, DONUQ BAXIŞLAR


Qadınların gözlərinə fikir verirəm. İfadələr müxtəlifdir. Həyata sevgi, yaşamaq, azadlığa çıxmaq üçün təəssüfqarışıq yalvarış dolu baxışlarla yanaşı, soyuq, donuq, heç bir məna kəsb etməyən baxışlar da az deyil.
Yaşlı bir qadına yaxınlaşıram:

- Neçə ildir buradasan?


- 4 ildən çoxdur.


VAXTIN ÇOXLUĞUNDAN ƏZİYYƏT ÇƏKİRƏM

Və hiss edirəm ki danışmaq istəyi çoxdur. Lakin gözucu zabit qadına baxır, dinmir.


- Xanım, necədir bura, heç olmasa fikirləşməyə, götür-qoy eləməyə vaxt var?


- Burada vaxtın çoxluğundan əziyyət çəkirəm. Fikirləşirəm. Fikirlər heç nəyi geri qaytarmır axı. Nə olsun?


KƏRTƏNKƏLƏ GİZLƏNİR


- Neçə ildir ki, burdayam, inan, hər xırda daşın, hansı küncdə hörümçək torunun olduğunu dəqiq bilirəm. Bilirəm isti yay günləri hansı daşın dibində kərtənkələ gizlənir. Hətta gül kollarının yarpaqlarının da sayını bilirəm, vaxtımı belə öldürürəm.

Bunları orta yaşlı, yaraşıqlı bir xanım deyir. Əlavə edir:

- Hə dustağam. Bilirəm ağır addır. Amma mənim həyatımdır bu. Yaşamalıyam, gözləyənlərim var. Onlar üçün yaşayacam.


- Yanına gəlirlərmi?


NƏSLİN PAPAĞINI YERƏ SOXMUŞAM


Şərti olaraq Zeynəb adlandırdığım bu qadın ah çəkir:


- Əlbəttə, gəlirlər. Sovqat gətirirlər. Burda adamın olmasa, yaşamaq çətindir. Elə çöldəki kimi. Yolumu gözləyən çoxdur. Doğmalarım, balalarım darıxdığım adamlar var. Məndən üz döndərənlər də az deyil, guya nəslin papağını yerə soxmuşam.


- Səncə, necədir - soxmusan nəslin papağını yerə?


- Yox, düz deyil. Mən o zaman nəslimin, qardaşlarımın, atamın, yoldaşımın papağını yerə soxmuş olardım ki, indi burda yox, azadlıqda olmuş olsaydım. Mən peşmanam, törətdiyim cinayətə görə. Həm də peşman deyiləm. Ərimin, oğlumun, qayınlarımın gözünün içinə baxa biləcəm.


Daha heç nə demir. Soruşuram, dolmuş gözlərini göyə dikir. Sonra qara paltarlı, qara taleli qadınların içərisində "əriyir", yoxa çıxır.


BİR QƏLBDƏN ÇIXANLAR


Gözlərim onu axtarır, ilahi, burda bütün qadınlar demək olar ki, bir-birinə oxşayır. Gənci, ortayaşlısı, ahılı – hamısı elə bil, bir qəlibdən çıxıblar...


Klubun küncündə oturmuş yaşlı qadına yaxınlaşıram. Skamyada yanında otururam, əllərinə baxıram. Ağappaq əlləri var. Gözlərinə, sifətinə isə kədəri sanki qucaq-qucaq töküblər. Ağ bənizinin qırışlarında qapqara bir kədər yuvalayıb. Əllərini tutub, sığallamaqdan özümü güclə saxlayıram.


MƏNİN ADAMIM YOXDUR AXI


- Gözləyirdinmi ki, səni də əfv etsinlər?

Səsi də əlləri kimi titrəyir:

- Məni boşdamazlar, bala, mənim kimim var axı...


- Onları prezident əfv edib, sənin də adamın prezidentdir, gərək müraciət edəydin.


- Prezidentə qurban olum. Amma adamım yoxdur axı... Ona deyən gərəkdir.


- Niyə ki, rəisiniz cavan oğlandır. Fariz müəllimə desəydin, sənin də müraciətini çatdırardı.

- Rəisimiz təzə gəlib, mən ondan da qabaq burdayam. O, yaxşı oğlandır, amma mənim adamım yoxdur axı...


GÜNAHI OLMAYAN QADINI TUTMURLAR


- Hə, çətin şeydir adamsızlıq... Bəs yaxşı, nə günahın sahibiydin axı, səni niyə tutdular.
- Bizdə günahı olmayan qadını tutmurlar... Günahım var... Günahımı çəkirəm...


ÇÖLDƏ HAVALAR NECƏDİR?


Hamımızın günahımız var. Hamımız günahlarımızın ağrısını, cəzasını çəkməliyik. Burada yaşayanların əksəriyyəti etdikləri cinayətin cəzasını mənən çəkib qurtarıblar. Lakin qanunların sərt dili kövrək ürəklərin çabalamasından, titrək-titrək döyünməsindən xəbərsizdir. Qadının, ananın ən böyük cəzası onu sevdiyindən, canından ayırıb dünyaya gətirdiyi balasından, ciyərparasından ayrı salmaqdır. Axı burda namusunun, şərəfinin keşiyində durub cinayətə əl atanlar da var...

Yaşlı qadından bu fikirlərlə aralanmaq istəyirəm. Bacarmıram. Bir anlıq yerimdə donuram. Qadının titrək səsi məni ona tərəf döndərir:

- Bala, çöldə havalar necədir?
- Soyuqdur, xala, çöldə havalar çox soyuqdur, - deyirəm...

Mediainfo.az