"Catel"lə bağlı şikayətlər durmadan artır

"Catel"lə bağlı şikayətlər durmadan artır

27 İyul 2011 19:24
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda fəaliyyət göstərən "Catel" şirkəti bu ilin aprel ayında 415, 417 və 418 indeksli nömrələrin fəaliyyətini dayandırdı. Bununla da, minlərlə abonentinin hüquqları pozuldu. Onlardan çoxlu sayda şikayətlər daxil olmağa başladı.


"2011-ci ilin yanvar ayının 9-da nömrə və telefon aparatı aldım. Bunun üçün "Catel" şirkətinə 80 manat pul ödədim. Sonra da, aylıq 10 manat pul ödəməyə başladım. Aprel ayının 2-də aylıq abunə haqqını ödədim. Elə həmin gündən də telefonum bağlandı. Şirkətə müraciət etdik, dedilər ki, müvəqqəti texniki problem yaranıb. 15 günə nömrənin fəaliyyəti bərpa olunacaq. O vaxtdan 3 ay vaxt keçsə də, hələ də problem həll edilməyib. Hər dəfə müraciət edirik. Bizə deyirlər ki, narahat olmayın, yaxın vaxtlarda nömrəniz açılacaq", - deyə Emin Rzayev adlı abonent şikayətlənib.

Problemlə əlaqədar "Catel" MMC-dən ANS PRESS-ə bildirdilər ki, simsiz rabitə adı altında fəaliyyət göstərən 415, 417 və 418 indeksli nömrələrin işləməməyinə səbəb stansiyada yaranan texniki problemdir. Problemin konkret nədən ibarət olduğunu açıqlamayan şirkət nümayəndəsi məsələnin həll olunacaq vaxtı da dəqiq demədi.

Hüquqları pozulan abonentlərə kompensasiya ödənilməsinə gəlincə, şirkət nümayəndəsi bu barədə problem həll olunandan sonra düşünüləcəyini qeyd etdi. Həmin nömrələrin başqa ATS-lərin ixtiyarına verilməsi versiyasına gəlincə, şirkət əməkdaşı bu barədə gəzən söz-söhbətin şayiə olduğunu vurğuladı.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov bildirdi ki, nazirlik problemdən xəbərdardır. Bununla bağlı nazirlik "Catel" MMC-yə öz tövsiyə və məsləhətlərini də verir. "Şirkət problemin həll edilməsi istiqamətində müxtəlif variantlar üzərində işləyir. Həmin şirkətə və digər operatorlara istehlakçıların hüquqlarının qorunması istiqamətində tövsiyələr verilir. Əlbəttə ki, nazirlik gedib "Catel"in stansiyasını düzəldən deyil" - deyə Əlyar Təmirov vurğuladı.

İstehlakçıların hüquqlarının pozulmasının qarşılığı olaraq kompensasiyanın verilməsinə gəlincə, nazirlik rəsmisi bunu iki tərəf arasında bağlanan müqavilənin şərtinə uyğun həll ediləcəyini bildirdi. "Əgər müqavilədə nəzərdə tutulubsa ki, belə bir halda şirkət abonentə dəyən ziyanı ödəməlidir, onda buna əməl olunmalıdır".

O ki qaldı may ayında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun "Catel"in stasionar rabitə şəbəkəsinin BTRİB-in, mobil telefon şəbəkəsinin isə "Azerfon"un idarəçiliyinə verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə, Əlyar Təmirov bu barədə müzakirələrin aparıldığını bildirdi: "Bu və digər həll yolları barədə müzakirələr aparılır. Lakin bu barədə dəqiq heç nə deyə bilmərəm. Elə bir şey olarsa, abonentlərə mütləq xəbər veriləcək".

Xatırladaq ki, 1997-ci ildə yaradılan "CATEL" şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə CDMA standartında rabitə xidmətləri göstərir. "CATEL" Azərbaycanda müştərilərə telefon, faks, ISDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub. 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlərini göstərmək məqsədilə yeni "FONEX" ticarət nişanını telekommunikasiya bazarına çıxarıb.
Günel Həbib

O.M.