
Bu gün Milli Dirçəliş günüdür
Bu günün şanlı tarixi 1988-ci ilin 17 noyabrında başlayan "Meydan hərəkatı" ilə bağlıdır. 1988-ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ rəhbəri Mixail Qorbaçovun biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlının öz ata-baba yurdlarından kütləvi surətdə qovulması prosesinə start verdilər, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı meylləri gücləndirməklə millətçilik zəminində iğtişaşlar törətdilər. Daha sonra Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxaraq, dinc etiraz nümayişləri keçirməyə başladı. SSRİ və Azərbaycan rəhbərliyinin məsələyə biganə münasibəti proseslərin pik nöqtəsinə çatmasına səbəb oldu. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan o vaxtkı Lenin (indiki Azadlıq) meydanında SSRİ-nin anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başladı. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi və 17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu.
1992-ci ildən 17 noyabr Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd olunur. Təqvimdə bayram kimi qeyd olunsa da, 17 noyabr qeyri-iş günü deyil.
23 il əvvəl dirçələn Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin və dünya təhlükəsizliyinin qarantıdır...
Hafiz Əhmədov
O.M.