
Azərbaycanda 24 sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.
Qeyri-rəsmi nikah münasibətlərində olduğu Sevinc Həsənovanı bıçaqla qətlə yetirmiş İslam Məmmədov tutulmuşdur
24.09.2012
Sentyabrın 24-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yeni tikilmiş evlərdən birində, orada yaşayan İslam Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Sevinc Həsənovanı bıçaqla qətlə yetirmişdir. İ.Məmmədov Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.
Qohumu Mahmudağa Mahmudova bıçaqla qətlə yetirmiş Masallı rayon sakini Oqtay Mahmudov hadisə yerindən qaçmışdır
24.09.2012
Sentyabrın 24-də Masallı rayonu ərazisində, rayon sakini Oqtay Mahmudov münaqişə zəminində, qohumu Mahmudağa Mahmudova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmışdır. Xəstəxanaya yerləşdirilmiş M.Mahmudov orada ölmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Masallı RPŞ tərəfindən aparılır.
Quldurluq etmiş Bakı şəhər sakini Mirzə Qəmbərov tutulmuşdur
24.09.2012
Sentyabrın 19-da Sabunçu rayonu ərazisində, naməlum şəxs Abşeron rayon sakini Qorxmaz Quliyevə qarşı zor tətbiq edərək, gümüş qolbağısını ondan almışdır. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mirzə Qəmbərov tutulmuşdur.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.09.2012
Sentyabrın 24-də saat 07.45 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, Hacıqabul şəhər sakini Emin Quliyev "Mercedes E-220" markalı avtomaşını idarə edərkən, yolu keçən qəsəbə sakinləri Maya İbrahimovanı və onun qızı Zinyəti vurmuşdur. Nəticədə M.İbrahimova hadisə yerində, Zinyət isə xəstəxanaya aparılarkən yolda ölmüşlər.
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.09.2012
Sentyabrın 24-də saat 01.30 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakinləri Kamran Abutalıbova məxsus "VAZ-2105" və Bəxtiyar Mustafayevə məxsus "VAZ-2109" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "VAZ-2109" markalı avtomaşının sərnişini Tural Gözəlov hadisə yerində ölmüş, xəsarət almış 5 nəfər isə xəstəxanaya yerləşdirilmişlər.
Gədəbəy rayon Dəyəqarabulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.09.2012
Sentyabrın 24-də saat 21.00 radələrində Gədəbəy rayonunun Dəyəqarabulaq kəndi ərazisində, rayon sakini Rafiq Abdullayev "UAZ-365" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişinlərin - arvadı Ceyran, həmyerliləri Hafiz Abbasov və Röyal Bağırov xəstəxanaya yerləşdirilmişlər. Ceyran orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
24.09.2012
Sentyabrın 24-də saat 01.40 radələrində Şəki şəhəri ərazisində, şəhər sakini Eyvaz Məhərrəmov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Çiçək Səmədovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Gəncə şəhər sakini İlyas Heydərov qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır
24.09.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini İlyas Heydərov gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.
Şərur şəhər sakini Müslüm Allahverdiyevə məxsus avtomaşından 4,127 kq marixuana aşkar edilərək götürülmüşdür
24.09.2012
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur şəhər sakini Müslüm Allahverdiyevə məxsus "VAZ-2107" markalı avtomaşından 4 kiloqram 127 qram marixuana aşkar edilərək götürülmüşdür.
Tapançadan atəş açaraq Əhməd Həsənova xəsarət yetirib, hadisə yerindən qaçmış Kənan İbrahimov tutulmuşdur
24.09.2012
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də tapançadan atəş açaraq Əhməd Həsənova xəsarət yetirib, hadisə yerindən qaçmış Kənan İbrahimov tutulmuşdur.
Şakir Abbasova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Seymur Cəfərov tutulmuşdur
24.09.2012
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Şakir Abbasova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Seymur Cəfərov tutulmuşdur.
Oğurluq etmiş Bakı şəhər sakini Nurlan Əmiraslanov tutulmuşdur
24.09.2012
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may, iyun və iyul ayları ərzində Elnur Rəhimlinin, Nasir Əzizovun və Məkurə Yasinovanın evlərindən oğurluq etmiş Bakı şəhər sakini Nurlan Əmiraslanov tutulmuşdur.
Suraxanı rayon Əmircan qəsəbə sakini Vüsal Ağayevin qəza törətməsi müəyyən edilmişdir
24.09.2012
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Nurlanə Şabanovanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-2107" markalı avtomaşının sürücüsü Əmircan qəsəbə sakini Vüsal Ağayev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Mal-qara oğurlamış Sabirabad rayon sakinləri Yaşar İmanov və Məhəmməd İsmayılov tutulmuşlar
24.09.2012
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Şəmsiyyə Həsənovaya, Mirhüseyn Hüseynova və Əsgər Ağamalıyevə məxsus mal-qaranı oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Yaşar İmanov və Məhəmməd İsmayılov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün Kürdəmir rayon sakinləri Füzuli Sayılova və Şəmistan Cəfərova məxsus 3 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.
Qaz borularını kəsərək oğurlamış Salyan rayon Qarabağlı kənd sakini Saleh Xəlilov tutulmuşdur
24.09.2012
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Salyan rayon Qaz İstismarı Sahəsinə məxsus qaz borusunun 176 metr uzunluğunda hissəsini kəsərək oğurlamış Qarabağlı kənd sakini Saleh Xəlilov tutulmuşdur.
Abşeron rayonunun Məhəmmədi qəsəbə sakini Xədicə Hacıyeva dərmandan zəhərlənmişdir
24.09.2012
Sentyabrın 24-də Abşeron rayonunun Məhəmmədi qəsəbə sakini 4 yaşlı Xədicə Hacıyeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
Ağdaş rayonunun Güvəkənd kənd sakini İldırım Əzizov bədbəxt hadisə nəticəsində ölmüşdür
24.09.2012
Sentyabrın 24-də Ağdaş rayonunun Güvəkənd kəndi ərazisində, kənd sakini İldırım Əzizov qoşqulu traktordan qaz borularını boşaldarkən, boruların onun üstünə düşməsi nəticəsində ölmüşdür.
Sabunçu rayonunun Savalan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.09.2012
Sentyabrın 24-də saat 00.40 radələrində Sabunçu rayonunun Savalan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Saleh Muxtarov "QAZ-3110" markalı avtomaşını idarə edərkən yolu keçən qəsəbə sakini Faiq Hüseynovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
O.M.