Azərbaycanda çoxpersonajlı cizgi filmi çəkilib

Azərbaycanda çoxpersonajlı cizgi filmi çəkilib

25 Sentyabr 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

""Azanfilm" studiyası olaraq artıq bir cizgi filminin istehsalına başlamışıq. Bu, "Ən güclü kimdir" adlı 15 dəqiqəlik çoxpersonajlı cizgi filmidir və Azərbaycanda ilkdir".
Bunu "Azanfilm" cizgi filmləri studiyasının direktoru Fariz Əhmədov Modern.az-a müsahibəsində bildirib. Cizgi filmin ssenarisi haqqında məlumat verən direktor, uşaqlar arasında çox sevilən Gülzar nənə adlı yazarın hekayəsinin xoşlarına gəldiyini söyləyib: "Nəticədə Ramil Ələkbərovu dəvət elədik ki, bunu dramaturji nağılı ssenari halına salsın. Ssenarini nazirliyə təqdim etdik, təsdiqləndi. Qalib Məhərrəmovu quruluşçu rejissor kimi dəvət etdik. Hazırda işin 40 faizi görülüb. İndi animasiya işləri gedir, ilin sonunda render məsələlərinə baxacağıq. İlin əvvəlində Mədəniyyət və Turizm Nazirliyini dəstəyi ilə "Əriyən ada" adlı sənədli filmin istehsalını da bitirdik. Xəzər dənizində yerləşən bir adada yaşayan insanların həyatından bəhs edən bir filmdir".

Filmin hazırda hazırda festivallarda olduğunu deyən F.Əhmədvovun sözlərinə görə, bu yaxınlarda Rusiyada ən yaxşı sənədli film nominasiyasında mükafat qazanıb: "Ardınca isə Batumidə, Bosniya və Hersoqovinada festivallarda olacaq. Ümumilikdə 20-yə yaxın festivala dəvət almışıq. Hazırda Yavər Rzayev studiyamızda "Həyatın işığı" adlı sənədli filmin üzərində işləyir. Bu film Azərbaycanın görkəmli heykəltəraşlarından olmuş Həyat Abdullayevaya həsr olunub. Həyat xanım Azərbaycanda bir sıra heykəllərin, o cümlədən Natəvanın güllələnmiş heykəlini, Sarabskinin Fəxri Xiyabandakı heykəlinin müəllifidir".

2D, 3D filməli üçün qiymətlərin Azərbaycan üçün başqa, Avropa üçün bir ayrı olduğunu qeyd edən direktor, Azərbaycanda bir filmin 2D formatında klassik üsulla istehsalının 100-130 min manata başa gəldiyini vurğuladı: "Avropada 300 min avrodan başlayır. Amma İran kimi ölkədə bu işi 40 min dollara da görmək olar. Məs: İranda ailə tanıyıram - ata, ana, oğul və gəlin hamısı animatordu. Bunlar evdən qırağa çıxmadan filmlər hazırlayırlar, 50-100 min dollar qazanırlar. Burda personajların sayından, ssenarinin qəlizliyindən çox şey asılıdır".

"Ən güclü kimdir" layihəsindən danışan F.Əhmədov, layihədə əsasən quruluşçu rejissor, quruluşçu rəssam, ikinci rəssam, rejissor assistenti, inzibatçı, dörd animator-qrafist, kompüterdə rəngləmə ilə məşğul olan rəssamın olduğunu dedi: "Yəni ilboyu proses gedir. Üstəgəl ümumi məbləğin 18 faizi vergiyə çıxılır və yekunda büdcə şişir. Əgər keyfiyyətli iş istəyiriksə, çox lazımdır.

F. Əhmədov, Azərbaycan animasiyaya çox yaxşı tələbatın olduğunu söylədi: "Bu gün mənim də ətrafımda dostlarımın uşaqları var. Bu uşaq nəsli iki hissəyə bölünür. İndi qapı qonşunun birinin uşağı "Maşa i medved"ə baxır, o biri qonuşun uşağı türk serialına. Bu artıq onların danışığında da hiss olunur".

O.M.