Gülər Əhmədova vəkilindən imtina etdi
Hazırda həbsdə olan deputat Gülər Əhmədova daha bir vəkilindən imtina edib. Bu, onun mətbuatla daha çox ünsiyyət saxlayan vəkili Raqif Mustafayevdir.
İstintaqdakı mənbələrdən "Yeni Müsavat"a verilən məlumata görə, sabiq deputatın imtinasına səbəb vəkilin media ilə münasibətləri, daha doğrusu, verdiyi açıqlamalardır. Xəbərə görə, G. Əhmədova bir neçə aydır ki, R. Mustafayev və digər vəkili Əfsər Talıbova media ilə bütün ünsiyyəti sıfıra endirməyi tapşırıb. Əslində hər iki vəkil sabiq deputatın tapşırığına əməl edir. Çünki əməkdaşlarımız aylardır onların hər ikisindən G. Əhmədova ilə bağlı hər hansı açıqlama, şərh, xəbər ala bilmir. Onlar bunu müvəkkillərinin qoyduqları qadağa ilə əlaqələndirir.
Amma əldə etdiyimiz məlumatda bildirilir ki, G. Əhmədovanın qəzəblənməsinə R. Mustafayevin qadağadan öncə mediaya verdiyi müsahibə və açıqlamalar səbəb olub. Hazırda istintaq materialları ilə tanış olan sabiq deputat orda özünün əleyhinə olan bəzi məqamlarda vəkilinin ehtiyatsızlığından qəzəblənib. Ya vaxtında verilməmiş bir açıqlama, yaxud da yanlış bir bəyanat G. Əhmədovanı R. Mustafayevlə yollarını ayırma mərhələsinə çatdırıb. Sabiq deputat vəkilini müdafiə prosesi boyunca özünüreklamda ittiham edib. Onun fikrincə, R. Mustafayevin bütün açıqlamaları, müsahibələri daha çox öz təbliğatını aparmasına hesablanıb.
Amma daha bir versiya sabiq deputatla vəkili arasında yaranmış maddi problemlərlə bağlıdır. G. Əhmədovanın vəkillərinə qarşı əliaçıq olmaması bilinən gerçəkdir. Daha öncəki vəkili Eldar Qədimi ilə də yollarını sonuncuya qonorar verməməsi üzündən ayırmışdı. Redaksiyamıza çatan məlumata görə, ciddi maliyyə sıxıntısı yaşayan Əhmədovlar ailəsinin R. Mustafayevə qonorarını vaxtlı-vaxtında ödəməməsi də münasibətlərin korlanması ilə nəticələnib.
"Yeni Müsavat" bu xəbəri dəqiqləşdirmək üçün R. Mustafayevlə əlaqə saxladı. Vəkil bu barədə heç nə demək istəmədiyini bildirdi: "Mən dediklərinizlə bağlı heç bir şərh və məlumat verməyəcəyəm".
O.M.