Prezidentin qızı: “Bacımla 12 ildir danışmıram”
Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova prezident ailəsindəki münaqişələrdən danışıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Lola Tillyaeya verdiyi ilk müsahibəsində böyük bacısı Gülnarə Kərimova ilə 12 ildir ki danışmadığını etiraf edib. Lola Kərimova bacısı Gülnarənin 2015-ci il prezident seçkilərindəki şansını da dəyərləndirib və onun şansının çox olmadığını deyib.
"Bacınızla əlaqələriniz necədir? Həyatda yaxud biznesdə əməkdaşlıq edirsinizmi? sualına cavab verən Kərimova "Olmayan əlaqələri şərh etmək də mümkün deyil. Mən və bacım 12 ildir ki, bir-birimizlə danışmırıq" cavabını verib:
"Bu heç vaxt gizli saxlanmayıb və bu çoxlarına bəllidir. Aramızda heç bir qohum və ya dostluq əlaqələri yoxdur. Biz tamamilə fərqli adamlarıq. İstənilən yaxşı münasibətlər üçün dünyagörüşündə oxşarlıq və ya xarakterlərin bənzərliyi, yaxud oxşar vərdişlər, əyləncələr tələb olunur. Bütün bunların heç biri bizim münasibətlərimizdə olmayıb və yoxdur da. Biz tamamilə fərqli insanlarıq, mən xatırladığım qədər uşaqlıqdan bu fərq var".
Prezidentin qızı mətbuatda adının "diktator qızı" kimi hallanmasından narahatlıq duyduğunu da əlavə edib:
"Mənim adımın "diktatorun qızı" kontekstində xatırlanması isə birmənalı olaraq mənim şəxsiyyətimə toxunur. Hər bir insan doğuşdan belə bir haqqa sahibdir ki, ona bir şəxsiyyət kimi yanaşılsın, şəxsi keyfiyyətlərinı, işlərinə, baxışlarına və davranışlarına görə mühakimə olunsun".
O.M.