Alxanlı hadisəsi ilə bağlı Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək
Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar əməllərinə lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək.
Aksiyanın keçirilməsi ilə bağlı artıq yerli orqanlara müraciət göndərilib. Bildirilir ki, AAK tərəfindən Avropa institutlarına, beynəlxalq təşkilatlara, Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etiraz məktubları ünvanlanıb. Məktub və bəyanatlarda Avropada yaşayan azərbaycanlıların baş verən hadisələrdən dərin narahatlıq hissi keçirdikləri ifadə olunub, belə halların beynəlxalq hüquq normalarına tam zidd olduğu vurğulanıb. Eyni zamanda, erməni vəhşiliklərinin azərbaycanlılara qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğu qeyd edilib və bunun Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini göstərdiyi bildirilib. AAK dünya birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və Ermənistan tərəfinin həyata keçirdiyi digər qanunsuz əməllər və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha sərt reaksiya verməyə çağırıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb. (apa)
Mediainfo.az