Azərbaycanlı gimnast finala çıxıb

Azərbaycanlı gimnast finala çıxıb

10 Avqust 2012 19:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün azərbaycanlı gimnast Aliyə Qarayeva London Yay Olimpiadasında növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayan təmsilçimiz təsnifat mərhələsində 23 idmançı ilə mübarizə aparırdı. Təsnifat mərhələsinin ilk yarış günündə gimnastlar həlqə və topla hərəkətlərdə öz çıxışlarını ediblər. Qarayeva həlqə ilə hərəkətlərdə 27.450, topla hərəkətlərdə 28.350 xal toplamağa nail olub. İki hərəkətin cəmində isə Qarayeva 55.800 xal toplayıb. Bu nəticə təmsilçimizi ümumi sıralamada beşinci edib. Bu gün isə gimnastlar lentlə və toppuzla hərəkətlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışıblar. Toppuzla hərəkətlərdə Aliyə səhnəyə 3-cü çıxıb. O, bu cəhdində 27.850 xal toplayıb. Beləcə, təmsilçimiz ümumi xalını 83.650-yə yüksəldib. Ən sonda isə o, lentlə hərəkətlərini yerinə yetirib. Bu dəfə isə 4-cü sırada səhnəyə çıxan Aliyə 28.200 xal qazanıb. Beləcə, təmsilçimiz təsnifat mərhələsindəki çıxışını bütövlükdə 111.850 xalla tamamlayıb. Finala vəsiqə qazanmaq üçün Qarayevaya yekun nəticədə ilk onluğa daxil olmaq lazım idi. Aliyə buna üçüncü yeri tutmaqla nail olub. Təmsilçimiz 23 rəqibi arasında yalnız iki rusiyalı gimnastdan (Yevgeniya Kanayeva, 116.000 və Dariya Dmitriyeva, 114.525) geri qalıb. Bu üç idmançı ilə yanaşı finala vəsiqə qazanan digər gimnastlar bunlar olublar: Silviya Miteva (Bolqarıstan) - 110.925, Lyuba Çarkaşina (Belarus) - 110.450, Yeon Son (Cənubi Koreya) -110.300, Alina Maksimenko (Ukrayna) - 110.025, Yoanna Mitroş (Polşa) - 109.750, Neta Rivkin (İsrail) - 108.900, Ganna Rizatdinova (Ukrayna) - 108.850. Qeyd edək ki, final mərhələsi sabah keçiriləcək.

O.M.