Sorğulara cavab
Ya istər şah olsun, ya da dilənçi,
Məhəbbət yolunda iksi də birdir.
Sevən ürəkdirsə, gözlər bələdçi,
Onu bəyan edib danışan dildir.
( İsa Rəvan)
Məhəbbət elə ülvi duyğudur ki, məqamında və vaxtında hər bir qəlbi özü fəth edir. Həyatın bəzən sərt üzü olduğu kimi, məhəbbətin də sevinci ilə yanaşı, qüssə-kədəri olur. Bu yolda əsl sevənlər arasında kimliyindən asılı olmayaraq heç bir fərq yoxdur. Bu ülvi duyğunun özü də insanlar arasında seçim etməyir. Nə kiminsə varına, nə də güc-qüdrətinə boyun əymir. O ülvi olaraq ülvi də yaşanır. Təmiz sevginin təmiz hisslərini hamı eyni cür yaşayır. Əsl sevənlər sevgisi yolunda hər bir cəfaya dözərək sonadək mübarizə aparır. Ötəri aşiq olanlar isə müəyyən hislərinə çatandan sonra ən xırda əzaba belə boyun əyərək geri dönür. Hər bir halda yaşanıb alınmayan sevginin sonradan acıları yaşanır. Bu səbəbdən də həsrətdən yaranan sorğular meydana gəlir.
055 /... 82-72 nömrəli mobil telefonun sahibi olan bəy Qərb bölgəsindən yazır: Salam, gözəl və dəyərli insan, bizlərin sevimlisi, qəlbimizdə daim yeri olan əziz İsa Rəvan. Çox sağ olun ki, öz dəyərli məsləhətlərinizi bizlərdən əskik etmirsiniz. Hər zaman xoş sözlərinizlə, gözəl məsləhətlərinizlə qəlbimizi işıqlandırırsınız. Yenə də sizin o dəyərli məsləhətinizə ehtiyacım var. 25 yaşım var, amma xoşbəxt deyiləm. Ailəm dağılıb, bircə balamdan da düz bir ildir ayrılmışam. Nə üzünü görə bilirəm, nə də səsini eşidirəm. Aliment versəm də, balamdan ayrı düşmüşəm. Digər tərəfdən də nə sevə bilirəm, nə də gülə bilirəm. Mənim də xoşbəxt olmağa ehtiyacım var. Tanrım sanki xoşbəxtliyi, deyib-gülməyi, sevməyi, sevilməyi məndən uzaq eyləyib. Axı mənim də sevib-sevilməyə haqqım var. Hansı bir qızı təmiz ürəklə sevirəmsə mənə qarşı vəfasız olur. İndi də həyatında bir qız var, tələbədir, məndən 5 yaş kiçikdir. Məni sevir, özü də çox, amma mən sevə bilmirəm. Sizcə mən nə edim, necə edim ki, məni sevən qızın qəlbini qırmayım? Sizdən köməklik istəyirəm.
İsa Rəvan: Ömürlük xoşbəxtlik, ya da bədbəxtlik olmur. Bunlar müəyyən həyat hadisələrindən irəli gələrək yaranır. Hamının xoşbəxt olmağa haqqı var, o cümlədən sizin də. Amma xoşbəxtlik, səadət hər kəsin istədiyi kimi asanlıqla əldə olunmur. Mübarizələr məhz elə bu şərtlərdən irəli gəlir. Allah heç bir bəndəsindən heç nəyi əskik etməyibdir. Sadəcə olaraq insan keçdiyi həyat yolunda seçim edərkən nəyin düz, nəyin düz olmadığını özü müəyyənləşdirməlidir. Ağıl bir işi görərkən əvvəlcədən tədbir görmək üçündür, sonradan ah çəkmək üçün deyil. Əgər hər hansı bir işiniz uğursuz alınırsa, buna görə ruhdan düşüb pessimist olmaq lazım deyil. Siz nə qədər bədbin olsanız, bir o qədər də həyat sizə maraqsız olacaq. Yaşanan hadisələrə görə nə həyat, nə də kimsə günahkar deyil. Uğursuz alınan hər
hansı bir iş də müəyyən vaxtdan sonra başqası ilə əvəz olunaraq unudulur. Daha o uğursuzluğa qapanıb oturmaq lazım deyil. Həm də pessimistlik sizi ətrafınızdakılardan da təcrid edə bilər. Sizin həyatınızda heç bir yaxşı hadisə olmayıbmı? Nədən ancaq pis şeylər haqqında düşünməlisiniz. Sevdiyiniz insanların sonradan sizə qarşı vəfasız olmalarının da bir səbəbi olmadır. Səbəbsiz nəticə hasil ola bilməz. Əgər əksəriyyəti sizə qarşı belə olursa, deməli bunun günahını özünüzdə axtarmalısınız. Onlara qarşı aqressiv və ya incik olmamalısınız. Ətrafınızda olanlarla xoş rəftarda olmağa çalışın. Siz nə qədər bədbin halda olsanız, ətrafınızdakılar da sizdən uzaqlaşmağa başlayacaqlar. İndi o tələbə qız ilə sevgi yaşayırsınız. Ona qədər baş verənlərdən nəticə çıxararaq bu sevgini dəyərləndirin. Ona diqqət və qayğı ayıraraq, hörmətlə yanaşın. Ülvi hisslər necə yaşanırsa, siz də o hissləri o cür qarşılıqlı yaşayın. Özünüzə qarşı inam yaradın, eyni zamanda səmimi və mehriban olun. Qara fikirləri özünüzə yaxın buraxmayın, xoş duyğularla yaşayın. Sevgi həyatı daha da gözəlləşdirən əlavə bir stimuldur. Siz də bu stimuldan maksimum dərəcədə yararlanın.
O ki, qaldı ailənizin dağılmasına, onun səbəbini mən bilməsəm də sizin özünüzə aydındır. Bu haqda heç nə deyə bilmərəm. Lakin övladınızın üzünə həsrət qalmamalısınız. Rəsmi surətdə boşananda atanın (ya ananın) ayın hansı günlərində övladı ilə görüşmək üçün məhkəmənin qərarı olur. Siz də qanunlar çərçivəsində övladınızla görüşə bilərsiniz. Bu haqqı kimsə sizin əlinizdən ala bilməz.
050 / ... 70 – 24 nömrəli mobil telefonun sahibi olan başqa bir bəy yazır: Salam. 34 yaşım var, mənim də ailəm dağılıb, mən də öz taleyimi ailəmdən sonra qura bilmirəm. Çox istərdim mənə də kömək edəsiniz.
İsa Rəvan: Ailə müqəddəs bir ittifaqdır. O hər zaman diqqət və qayğı tələb edir. Ailənin möhkəmliyi, uzunömürlülüyü onun təməlinin düzgün və möhkəm olmasından asılıdır. Sizin ailənizin hansı səbəbdən dağılması bizə bəlli deyil. Ona görə də burada kimin günahkar olduğunu deyə bilmərəm. Ancaq ailənin dağılması ailə üzvlərinə istər-istəməz ruhi sarsıntı yaşadacaq. Təbii ki, bu heç də xoşagələn hal deyil. Lakin baş verənlər öz reallığında qaldığı kimi, siz də bu olanlarla barışmalısınız. Taleyinizdə dönüş etmək öz əlinizdədir. Kimsə sizin yerinizə taleyinizi yaşaya bilməz. Baş vermiş bir işə görə özünə qapanıb onun daim acılarını yaşamaq olmaz. Siz qalan ömrünüzü dəyərləndirərək gələcək taleyinizə biganə qalmamalısınız. Sizə aid olan həyatınızı özünüz qərar verərək, özünüz qurmalısınız. Bunun üçün ilk növbədə pessimist yox, optimist olmağa çalışın. Birinci ailəlikdə nəyin səhv, nəyin düz olduğu artıq sizə aydındır. Onlardan nəticə çıxararaq bu dəfə düzgün seçim əsasında düzgün qərar verməyə çalışın.
050 / ... 89 – 69 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam. Sevdiyim oğlanı çox qısqanıram, buna görə də aramızda mübahisələr yaranır. Çalışıram qısqanmayım, amma bacarmıram. Xahiş edirəm mənə köməklik edəsiniz.
İsa Rəvan: Qısqanclıq sevginin tərkib hissəsidir. Bu, sevginin bətninə aid olduğundan normal haldır. Lakin patoloji dərəcədə qısqanclıq sevginin məhvinə səbəb ola bilər. Qısqanclıq şübhəyə səbəb olur və qarşı tərəfə inamsızlıq yaradır. Bu da istər-istəməz mübahisələrin yaranmasına gətirib çıxarır. Sevgidə ilk növbədə güclü inam olmalıdır. İnam ilə sevgi bir-birini tamamlamalıdır. Əgər inam yoxdursa o sevgi də soyuq olacaq. Siz sevdiyiniz oğlanla artıq bir-birinizi tanıyaraq qəlbinizi də bölüşmüsünüz. Onun sizə olan münasibətinin nə dərəcədə olduğunu özünüz bilirsiniz. Əgər hər şey normaldırsa bu mənada həyatına həddən çox müdaxilə edib, hər kəsə qısqanmağınız, sonradan onu sizdən soyuda bilər. Odur ki, çalışın bezdirici olmayasınız. Siz onu yox, o sizi kiminləsə bölüşmək istəməsin.
Müəllifdən: Qalan mesajlarla sonrakı həftə görüşənədək.
İsa Rəvan: 055 / 785 – 84 – 83



















































.jpg)












































