Narahat könüllər

Narahat könüllər

8 Avqust 2016 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Sevgidə məcburiyyət yoxdur, sevib-sevilmək qarşılıqlı olmalıdır. Ürək sevmirsə məcbur etmək düzgün deyil. Hər sevən də tam halında öz sevgisinə nail ola bilmir. Sevərək vüsal dolu kamına çatanlar da, hicran atəşində həsrət çəkərək narahat olan ürəklər də az deyil.

051 / ... 93-31 nömrəli mobil telefonun sahibi olan xanım yazır: - Salam, İsa Rəvan. Digərləri tək mənim də sizin məsləhətinizə ehtiyacım var. Bir oğlanla tanış oldum və bu tanışlığımız bir ilə qədər davam etdi. Sonra onun kobudluğuna görə ondan ayrıldım. Mənə zəng edərək görüşmək istədiyini desə də, onunla biryolluq əlaqəmi kəsdiyimi bildirdim. İndi isə o, məni şantaj edəcəyi ilə hədələyir. Bu da mənə pis təsir edir. Nə edəcəyimi bilmirəm. Xahiş edirəm mənə bir kömək edəsiz. Əvvəlcədən təşəkkürlər.

İsa Rəvan: - Kobudluq ancaq düşmən qazandırır. Nəinki sevgidə, ümumiyyətlə, xanıma və digər insanlara qarşı kobudluq etmək özü ədəbsizlikdir. Kobudluq və zorakılıqla könül əldə etmək olmaz. Tanış olduğun bir insanla ayrılanda da düşmən kimi yox, dost kimi ayrılmalısan. Eyni zamanda hər iki tərəf bir-birinə xoşbəxtlik və səadət arzulamalıdır. Onun düşüncəsi olsaydı bu az müddətdə sizi özündən uzaqlaşdırmazdı. Onun şantaj hədəfindən nə qədər qaçsanız o, bir o qədər sizin üzərinizə gələcək. Çəkinməyin və qorxmayın. Ona qarşı sərt olaraq heç də həyəcanlı halda reaksiya verməyin. Şantaj etmək kişiliyə yaraşmayan hərəkətdir. Bu kimi hərəkətlər zəif, paxıl və nadan insanlar üçün hünər olaraq qisas almaq deməkdir. Unutmayın ki, şantaj edən insan özü cinayət daşıyır. Qanunvericilikdən əlavə, insanı baxımdan da heç bir kodeksə sığmır. Odur ki, qəti olaraq bildirin ki, bir də sizi narahat edərsə bu haqda polisə məlumat verəcəksiniz. Çünki nadan insanlarla ancaq qanunla danışmaq lazımdır. Həm də qanun əsasında siz öz hüququnuzdan istifadə edərək sərbəstliyinizi bərpa etmiş olursunuz. Deyilənlərə əməl etməyə çalışın. Onda o özü geri çəkilməyə məcbur olacaq. Bundan sonra bu sizə həyat dərsi olmalıdır ki, yaxından tanımadan, bilmədən hər kəsə ürək açmaq düzgün deyil.

055 / ... 61-10 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: - Salam, İsa Rəvan. Bir oğlanla bir-birimizi istəyirdik. Valideynlərim razı olmadığına görə onunla qoşulub qaçmağa razılıq verdim. Əvvəllər hər şey yaxşı olsa da, sonradan heç də belə olmadığını gördüm. Öz seçimim olduğuna görə yoldaşımın mənə qarşı dözülməz hərəkətlərini valideynlərimə də deyə bilmirəm. Bir övladım var, bundan sonra geriyə də yolum yoxdur. Çünki ailəmiz əvvəldən bu işə razı deyildilər. Yazılarınızı imkan daxilində oxuyuram, düşünürəm ki, mənim bu mesajım bəzi qızlara da örnək olar. Valideynləri eşidin ki, sonda mənim kimi peşman olmayasız. Çox sağ olun.

İsa Rəvan: - Bu barədə dəfələrlə qəzetdə yazılır, monitorinq və digər yığıncaqlarda da deyilir. Ancaq bununla belə bəzi qızlar yenə də müəyyən səhvlərə yol verirlər. Aydındır ki, sonrakı peşmançılıq heç bir fayda verməyəcək. Bu səbəbdən də qoşulub qaçmağa hər dəfə etiraz edərək yaxşı hal kimi baxmamışıq. Əlbəttə ki, valideyn razılığı və xeyir-duası hər bir övlad üçün vacibdir. Çünki böyüklərin həyat təcrübəsi gənclərdən fərqli olaraq çox zəngindir. Qız qoşulub qaçmaqla öz ailəsinə etdiyi hörmətsizliklə yanaşı, getdiyi ailədə də dili qısa olur. Odur ki, sevənlər sevib-sevilməklə yanaşı, hər iki ailənin razılığı əsasında gələcək ailə həyatlarını birgə qura bilərlər.

Bu tale qisməti sizin öz seçiminizdir. Geriyə dönüşünüz isə dözülməz də ola bilər. Övlad evin sevincidir, ona qayğı göstərməklə bu sevgini ailədə paylaşın. Öz sevginiz ilə yoldaşınızın soyuq münasibətini isitməyə çalışın.

051/ ... 34-07 nömrəli mobil telefonun sahibi olan xanım yazır: - Salam, İsa Rəvan. Mənim də sizin məsləhətinizə ehtiyacım var. Mən ailəli olub ayrılmışam, 2 övladım var. Ailə həyatım ağır keçib. Çox tənhayam, kiminləsə ünsiyyət qurmağa qorxuram. Dostum, rəfiqəm yoxdur ki, dərdimi, sevincimi bölüşüm. Tək qalmaq məni qorxudur. Xahiş edirəm mənə məsləhət verəsiz, bir yol göstərəsiz. Təşəkkür edirəm.

İsa Rəvan: - Doğrudur, dərd bölüşəndə azalır, sevinc paylaşanda artır. Sizin də gərəkdir ətrafınızda yaxınlarınız olsun ki, dərd və ya sevincinizi bölüşüb-paylaşasınız. Siz isə təksiniz, təklik insana üzdürücü həyat yaşadır. İnsan tək yaşamaq üçün xəlq olunmayıb. İnsanlara qarşı inamsızlığınız və qorxunuz sizi cəmiyyətdən də təcrid edir. Və bu qorxu hissinin təsiri altında da tənha həyat yaşayırsınız. Ailəli olduğunuz dövrdə ağır həyat yaşamağınız sizi çox sıxıb. Və o mənfi fikirlərin təsiri altında əzilərək özünüzə qapanmısınız. Nə qədər belə davam etsəniz, bir o qədər də acılar çəkəcəksiniz. Gələcək taleyinizdə və həyat tərzinizdə dönüş yaratmaq öz əlinizdədir. Ailə həyatınızın uğursuz olması digər insanların günahı deyil. Hamı eyni xasiyyətdə, eyni düşüncədə olmur. Həyat yaxşı və pis insanlarla doludur. Məhz elə pisləri tanıdıqca yaxşıları dəyərləndirmək lazımdır. Bunu üçün də onları tanımaq gərəkdir. İnsanlara qarşı inamsız olmayın, daim xoş münasibət yaradın. Heç vaxt inamınızı itirməyin, xoş duyğularla yaşayın. Bu ömrü bir daha yaşamayacaqsınız, nə də ki, yaşadığınız günlər bir daha təkrar olmayacaq. Elə yaşayın ki, hər yaşadığınız günlər təzə görünərək sabaha doğru inam yaratsın. Sizin əleyhinizə olan bütün hadisələrə qarşı mübariz olun. Mübariz olmayıb, zəiflik göstərsəniz həyat da gözünüzdə adiləşib heç olacaq, hər şeydən çəkinərək qorxacaqsınız. Əksinə, ətrafınızda olan insanlarla ünsiyyət yaradaraq nikbin olun. Onda özünüzə yaxın olan rəfiqə də taparsınız. Qəlbinizin boşluğunu da qarşılıqlı ünsiyyət vasitəsilə doldurmuş olarsınız. Hər şeydən əvvəl düşünün ki, övladınız var. Nikbin ruhda yaşamalısınız ki, onları da yaşadasınız. Onlara öz ana məhəbbətinizlə qayğı göstərməlisiniz. Odur ki, özünüzdə müsbət enerji toplayaraq optimist olmağa çalışın, öz həyat laqeyd yanaşmayın. İradəli, inamlı və əzmkar olun. Hər şey tədricən qaydasına düşəcək. Mənfi fikirləri də beyninizdən çıxardaraq təklik və tənhalıqdan qaçın. Çoxlu ünsiyyət və gəzintiyə üstünlük verin. Sizi narahat edən fikirlər barəsində bir daha düşünməyin. Həyatınızı xoş bir əhval-ruhiyyədə və sakit tərzdə yaşayaraq qəlb sıxıntılarınızı azaldın. Özünüzdə bir daha inam toplayaraq daxili gərginlikdən iradəniz və inamınız gücünə azad olun. Siz bütün bunları bacaracaqsınız, yetər ki, özünüzə qarşı inamlı olaraq özünüz-özünüzə hörmətlə yanaşasınız.

050 /... 09 – 44 nömrəli mobil telefonun sahibi olan bəy yazır:

Salam, hörmətli İsa Rəvan. Dəyərli məsləhətinizə çox ehtiyacım var. İstədiyim qızı öz səhvimə görə itirdim, qız məndən ayrıldı. Zənglərimə cavab vermir, indi onsuz qala bilmirəm. Xahiş edirəm mənə bir yol göstərəsiz.

İsa Rəvan:

Ülvi duyğular olan yerdə kobudluğa yer yoxdur. Kobudluq yaxın dostu da düşmənə çevirir. Siz də yol verdiyiniz səhvə görə bu aqibətlə üzləşmisiniz. Təbii ki, bunu istəmədən etmisiniz və sonunun belə olacağını da düşünməmisiniz. Sizdən gözləmədiyi sərt bir davranışla qarşılaşmağı onun qəlbini qırıb. Unutmayın ki, sevgidən nifrətə bir addım yoldur, o həddə çatdırmaq lazım deyil. Bu səpkidə öz səhvinizi başa düşüb üzr istəməyi də bacarmalısınız. Zəngə cavab vermirsə mesajla, hər hansı bir rəfiqəsinin vasitəsilə səhv etdiyinizi ona çatdırın. Onu nə qədər sevdiyinizi və bu sevgi yolunda sonadək sadiq olacağınızı ona sübut etməyə çalışın. Harasa gedəcəyi yolda onu gözlədiyinizi, onsuz nə qədər əzab çəkdiyinizi hiss etdirin. Bir daha sizə şans verərək barışmasını xahiş edin.

İsa Rəvan

Əlaqə: 055/ 785 – 84 - 83