47 yaşın işığında dünyaya sığmayan bir ömrün nəğməsi
Noyabr ayının 14-də Azərbaycan mətbuatının inkişafında özünəməxsus bir rol oynayan, qələmi ilə mənsub olduğu millətinə sədaqətlə xidmət edən, "Mətbuat" firmasının təsis etdiyi "Gün", "Super Sport", "Min Bir Kriminal", "Super Krossvord", "Kriminal Xronika", "Qəzet.az", "Oxu məni" qəzetlərində, "Mediainfo.az xəbər agentliyində" baş redaktor vəzifəsində çalışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Emin Axundovun (Emin Axund) 47 yaşı tamam olur. Obrazlı şəkildə desək 47 yaşın işığında həyatının ikinci gənclik dövrünü yaşayan Emin müəllimin böyük maarifpərvər ziyalı Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan və 144-cü ömrünü yaşayan Azərbaycan mətbuatına gəlişi də şirin bir həyat nağılını xatırladır.
Bu yol öncə Bakıdakı 31, daha sonra isə 267 saylı məktəbin sinif otaqlarından, tələbə kimi ATU-dan, sonra isə "Azneftmaştikinti", DİN-nin tikinti İdarəsindən keçdi və çalışdığı hər yerdə yüksək təşkilatçılıq bacarığı, dərin biliyə malik olması ilə daim diqqəti cəlb etdi. Azərbaycan mətbuatının yeni bir yüksəliş dövrünə qədəm qoyduğu ötən əsrin 90-cı illərində bu sahə Emin Axundovu maqnit kimi özünə cəlb etməyə başlamışdı. Əslində onda hələ məktəb illərində jurnalistikaya böyük həvəs vardı. O vaxt Emin Axundov məktəbdə təşkil edilən ədəbi-bədii tədbirlərdə fəal iştirak edir və geniş erudusiyaya malik olması, bədii yaradıcılığa həvəsi ilə hamının diqqətini özünə cəlb edirdi.
Lakin böyük mətbuata gəlişindən öncə o qələmini süngü ilə əvəz edərək könüllü olaraq erməni işğalçıları ilə döyüşmək üçün müharibəyə getdi. Sonralar o, Emin Axund təxəllüsü ilə həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış etdi.
Cəbhədən qayıdandan sonra isə yenidən həyatını mətbuatımızın inkişafına həsr etdi. Bu dəfə istedadlı qələm sahibinin növbəti iş yeri "Aktual qəzeti oldu. 1994-cü il may ayının 3-də "Aktual" qəzetində jurnalist kimi işə başlayan Emin Axundov qısa müddətdə istedadı, bir-birindən maraqlı məqalələri ilə oxucuların və redaksiya kollektivinin rəğbətini qazandı. Bununla da istedadlı jurnalist Emin Axundovun mətbuatın zirvəsinə yürüşü başladı. "Aktual" qəzetində sözün əsl mənasında özünü mətbuat aləmində istedadlı jurnalist kimi təsdiq edən Emin Axundovun təşkilatçılıq bacarığı yenidən köməyinə gəldi. 1995-ci ildə Emin Axundov "Ləman" yayım firmasını təsis edərək respublikamızda ilk dəfə qəzet və jurnalların metroda, köşklərdə və əldə yayımını təşkil etdi. "Ləman" yayım firması həm də respublikamızda bir ilkə imza ataraq Rusiya və digər ölkələrin qəzet və jurnallarının ölkəmizə gətirilərək satışını təşkil etdi. Emin Axundovun mətbuatımızın inkişafına verdiyi digər töhfə isə yenə də respublikamızda ilk dəfə 1996-cı ildə "Super Krossvord" məntiq və əyləncə qəzetinin nəşrinə nail olması oldu. Bu, həm də respublikamızda ilk rəngli qəzeti idi. Bu qəzet də qısa müddətdə respublikamızda ən böyük tirajlı və çox oxunan maraqlı qəzetlərdən birinə çevrildi.
1997-ci il may ayının 21-dən başlayaraq "Ləman" yayım firması "Mətbuat" yayım firması adı altında fəaliyyət göstərməyə başladı. Mətbuatımızın daha çevik fəaliyyət göstərməsi, qəzetlərin vaxtında və operativ çapına nail olması və bu sahədəki boşluqların aradan qaldırılması məqsədi ilə Emin Axundov respublikamızda ilk dəfə şəxsi mətbəə qurdu. "Mətbuat" firmasının "Çap evi" adı altında fəaliyyət göstərən mətbəədə hər gün çoxlu sayda qəzet çap edilirdi. Həmin dövrdə mətbəədə müstəqil qəzetlərlə yanaşı bir çox dövlət qəzetləri, o cümlədən "Polis", "Metro", "Hünər" qəzetləri, "Azərbaycan polisi"jurnalı və digərləri də çap edilirdi.
Mətbuatda fəaliyyətə başladığı 3 ildən sonra 1997-ci il iyul ayının 1-də jurnalistika sahəsində əsl peşəkarlığı, eyni zamanda təşkilatçılıq bacarığı sayəsində bu dəfə Emin Axundovun təşəbbüsü və baş redaktorluğu altında "Mətbuat" firması tərəfindən "Gün", "Super Sport", "Min Bir Kriminal", "Kriminal Xronika", "Qəzet.az", "Oxu məni","Serial"da daxil olmaqla ümumilikdə 13 qəzet, iki jurnal, həmçinin ayda bir dəfə xüsusi buraxılışlar nəşr edilməyə başladı. Emin Axundovun təsisçisi və baş redaktoru olduğu adları çəkilən qəzet və jurnallar həqiqətən də ötən əsrin 90-cı illərinin ən çox tirajlı və oxunan nəşrləri idilər.
Bundan əlavə tanınmış yazıçı Çingiz Abdullayevin kitablarının ilk olaraq rus dilindən Azərbaycan dilinə tərcüməsi və çapı da "Mətbuat" firması tərəfindən edilib.
Baş redaktor kimi fəaliyyətini davam etdirməklə yanaşı Emin Axundov 1997-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasına üzv qəbul edildi və həmin ildə də həmin təşkilatın vitse-prezidenti seçildi. 1997-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü oldu. Jurnalistika sahəsində təcrübəsini daha da artırmaq məqsədi ilə Emin Axundov 1999-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-ın Mətbuata Texniki dəstək fondunun keçirdiyi jurnalist, 2008-ci ildə Yunanıstan Respublikasında keçirilən beynəlxalq jurnalistika kursunu bitirdi. Jurnalist kimi onun ən yüksək üstünlüklərindən biri də rus, türk, inglis və isveç dillərini dərindən bilməsidir.
Hazırda "Oxu məni" qəzetinin və "Mediainfo.az" saytının baş redaktoru kimi fəaliyyətini davam etdirən Emin Axundovu digərlərindən fərqləndirən ən mühüm amil onun istər jurnalist, istərsə də baş redaktor kimi həmişə sadə, təvözakar olması, heç vaxt əməkdaşlarına münasibətdə haqqı nahaqqa qurban verməməsidır. Baş redaktor kimi o həmişə tabeliyində olan əməkdaşlara münasibətdə yüksək insani keyfiyyətlər nümayış etdirir, özünü heç vaxt onlardan üstün tutmayır. Bütün bunlar da Emin Axundova nəinki rəhbərlik etdiyi kollektiv, həm də çoxsaylı jurnalist ordusu arasında böyük şöhrət gətirib. Bu gün də Emin Axundov böyük mütəfəkkir alim Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın daha da inkişaf etdirilməsinə öz töhfəsini verməkdə davam edir. Emin Axundov eyni zamanda xoşbəxt ailə sahibi, üç övlad atası və həm də Qarabağ müharibəsi veteranıdır.
Bu əziz gündə, insan ömrünün müdriklik dövrü hesab edilən 47 yaşında Emin müəllimə bütün sahələrdə, o cümlədən şəxsi həyatında daha böyük uğurlar arzu edirik. Qələminiz həmişə iti olsun, səsiniz daha uca zirvələrdən gəlsin Emin müəllim!
"Oxu məni" qəzeti və "Mediainfo.az" saytı əməkdaşları adından Murad Şahməmmədov




























































.jpg)
.jpg)






.jpg)


























