Estoniya Ukraynaya yenidən hərbi yardım göstərəcək
Ukrayna prezidenti Vladimir Zelenski və Estoniyanın müdafiə naziri Hanno Pevkur Kiyevdə görüş keçirib. Görüşdə Estoniyanın Ukraynaya hərbi yardım göstərməsi məsələsi müzakirə edilib.
Bu barədə RBC-Ukrayna “Twitter”də Pevkur və “Facebook”da Zelenskiyə istinadən məlumat yayıb.
“Prezident Vladimir Zelenski ilə görüşdüm və Ukraynaya davamlı hərbi dəstəyimizi təsdiqlədim, onun ofisinə gedərkən mən yeni hərbi yardım paketini imzaladım”,- deyə müdafiə naziri vurğulayıb.
Öz növbəsində Zelenski bildirib ki, görüş zamanı Pevkura yeni paketə və Ukraynaya kömək üçün ildə ÜDM-in 0,25%-ni ayırmaq qərarına görə təşəkkür edib.
“Biz Estoniya tərəfinin Ukraynada uzun mənzilli pilotsuz təyyarələrin istehsalını maliyyələşdirmək imkanlarını və təcili müdafiə ehtiyaclarımızı və yeni briqadaların cəlb edilməsində yardımı ayrıca müzakirə etdik”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, bu ilin əvvəlində Estoniyanın baş naziri Kaja Kallas ölkəsinin Ukraynanın müdafiəsinə öz ÜDM-nin 0,25%-ni ayıracağını bəyan etmişdi. Bu cür yardımın növbəti dörd il ərzində həyata keçirilməsi planlaşdırılır.
Onu da deyək ki, Estoniya tammiqyaslı müharibə başlayandan bəri Ukraynaya 500 milyon avro dəyərində hərbi yardım edib.
Oxuməni.az