Pekin Ukrayna böhranının həlli üçün istənilən təşəbbüsü dəstəklədiyini bəyan edib

Pekin Ukrayna böhranının həlli üçün istənilən təşəbbüsü dəstəklədiyini bəyan edib

19 Fevral 09:55
Bəyəndim (1) Bəyənmədim (0)

Çin Ukraynada vəziyyətin normallaşmasına töhfə verən istənilən fəaliyyəti dəstəkləyir, Çinin xarici işlər naziri Vanq Yi BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl bildirib.

“Çin sülh danışıqlarına yönəlmiş bütün səyləri dəstəkləyir”, - deyə Qərb mediası onun sözlərini sitat gətirib.

Vanq Yi qeyd edib ki, bu vəziyyətdə Pekin əvvəllər Çin sədri Si Cinpinin irəli sürdüyü dörd prinsipə sadiq qalmaqda davam edir: eqoist məqsədlər güdməmək, vəziyyətin gərginləşməsinə töhfə verməmək, sülhün bərpası üçün şərait yaratmaq və Ukrayna ətrafında baş verən hadisələrin qlobal iqtisadiyyata təsirini azaltmaq.

Fevralın 18-də Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Onların ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndələri ilə Ər-Riyadda söhbətin faydalı olduğunu, tərəflərin nəinki bir-birini dinləmək, hətta eşitmək imkanına malik olduğunu bəyan edib.

ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, Rusiya tərəfi danışıqlar zamanı Ukrayna böhranını ciddi müzakirə etməyə hazır olduğunu nümayiş etdirib. Rubio əlavə edib ki, münaqişəyə son qoyulması hər iki tərəfdən konstruktiv yanaşma tələb edəcək. O, bir neçə dəfə təkrar edib ki, Ukrayna nizamlanması asan məsələ olmayacaq.

Əziz Mustafa, Oxuməni.az