
Argentina prezidenti İlon Maska mişar hədiyyə edib
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və iş adamı İlon Mask Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxış edib. Tədbirdə iştirak edən Argentina prezidenti Xavyer Miley ona zəncirli mişar hədiyyə edib.
Oxuməni.az xarici KİV-ə istinadən xəbər verir ki, konfrans dünən, fevralın 20-də Amerikanın Merilend ştatında baş tutub. Cənab Maskın çıxışı zamanı Argentina prezidenti əlində zəncirli mişar səhnəyə çıxıb. O, mişarı iş adamına verib və əvəzində Mask ona təşəkkür edərək əlini sıxıb.
Bundan sonra İlon Mask zəncirli mişarı yelləməyə başlayıb. "Bu, bürokratiya ilə mübarizə üçün bir zəncirli mişardır!" – iş adamı qışqırıb.
Zəncirli mişar Xavyer Mileyin seçki kampaniyasının əsas simvolu idi, o, alətdən dövlət xərclərini azaltmaq simvolu kimi istifadə edirdi. DOGE eyni məqsədlə yanvar ayında ABŞ prezidenti Donald Trampın fərmanı ilə yaradılıb. Ötən həftə ABŞ-ın 14 ştatının prokurorları Tramp və Maska qarşı iddia qaldırıb. İddiaçılar DOGE-nin konstitusiyaya zidd olaraq yaradıldığını iddia edirlər.
Almaz Həsənli