
Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq yardım təklifinə qarşıdır
Macarıstan Aİ rəhbərliyinin Ukraynaya 20 milyard avroluq yardım paketinin verilməsi ilə bağlı yeni təklifinə qarşı çıxır, çünki bu pulun yalnız müharibənin davam etdirilməsi üçün istifadə olunacağına inanır. Bu mövqeyi Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto açıqlayıb və o, məsələnin fevralın 24-də Aİ xarici işlər nazirlikləri rəhbərlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə ediləcəyini bildirib.
Onun sözlərinə görə, “bu təklif Avropanın müharibəyönlü liberal rəhbərliyi tərəfindən hazırlanıb və Avropa dövlətlərinin xalqlarını müharibənin davam etdirilməsi üçün pul ödəməyə məcbur etmək məqsədi daşıyır”. Siyarto M1 televiziyasına bildirib ki, Aİ liderləri "Ukraynanın müharibəni davam etdirməsi və sülh danışıqlarında əldə edilə biləcək daha az əlverişli razılaşmadan qaçması üçün Kiyevə təxminən 20 milyard avroluq yardım paketi ilə bağlı qərar qəbul etmək istəyir".
Macarıstanlı nazir hesab edir ki, Aİ rəhbərliyi hərbi əməliyyatları davam etdirmək və sülhün bərqərar olmasını qeyri-mümkün etmək üçün bu vəsaiti Ukraynaya verməyi planlaşdırır. "Biz bazar ertəsi bu təklifi qəbul etmək niyyətində deyilik. Biz bunu dəstəkləməyəcəyik, çünki müharibəni davam etdirmək üçün 20 milyard avroluq Avropa dövlət pulunun Ukraynaya ödənilməsini istəmirik", - Siyarto xəbərdarlıq edib.
Əziz Mustafa, Oxuməni.az