
NATO Avropanın ABŞ-dan 265 milyard dollar dəyərində silah sifariş etdiyini bildirir
Ukraynada genişmiqyaslı böhran başlayandan bəri Amerika silahlarının satışı 600% artıb, Avropadan gələn sifarişlərin həcmi isə 265 milyard dollara çatıb. Bu barədə Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli bildirib.
O vurğulayıb ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır.
"Hazırda 265 milyard dollar dəyərində satış üçün 4000 müraciət var. Avropa ölkələri silah istehsalçısı kimi ABŞ-dan alış-veriş etmək üçün növbəyə durur", - Kavoli bildirib.
Kavoli həmçinin bəyan edib ki, Rusiya ordusunun gücləndirilməsi NATO üçün problem olacaq. O qeyd edib ki, Rusiya Federasiyası hazırda Silahlı Qüvvələrinin sayının artırılması və xüsusilə quru qoşunlarında yeni komandanlıqların yaradılması yolundadır.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, Rusiya Ukraynadakı münaqişə bitdikdən sonra da alyans üçün uzunmüddətli təhdid statusunu saxlayacaq.
Əziz Mustafa, Oxuməni.az