Nişan paltarları ilə dəfn edilən şəhidlər - Daşbaşı faciəsi

Nişan paltarları ilə dəfn edilən şəhidlər - Daşbaşı faciəsi

15 Avqust 2022 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Tarix boyu ermənilər Azərbaycan xalqının başına bir çox faciə və müsibətlər gətiriblər. Belə hadisələrdən biri də 28 il öncə - 15 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunda baş verib. Həmin hadisə zamanı Ermənistan silahlı qüvvələri Ordumuzun Daşbaşı postuna qəfil hücum edərək əsgərlərimizi vəhşicəsinə qətlə yetiriblər.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Daşbaşı Cəbrayıl üçün ən vacib postlardan biri idi:

“Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirdilər. Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyuldu”.

Deputat vurğulayıb ki, Daşbaşı postu və kəndi 27 il sonra düşmən işğalından azad olunub:

Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər. İşğaldan azad olmuş doğma torpaqları ziyarət edən Cəbrayıl camaatı “Daşbaşı” şəhidlərinin dağıdılmış məzarlarını bərpa etməyi özlərinə borc bildilər”.

Ceyhun Məmmədov Daşbaşı hadisəsinin Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi xatırlandığını söyləyib: “Bu hadisə zamanı həlak olmuş qəhrəman övladlarımızı rəhmətlə anır, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik”.