Azərbaycanda pedofil mollalar: Onlarla nə etməli?

Azərbaycanda pedofil mollalar: Onlarla nə etməli?

5 Sentyabr 2022 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Əjdərbəy məscidinin axundu Hacı Cavidin xütbə zamanı azyaşlı qızlarla cinsi əlaqənin mümkünlüyü haqda dediyi fikir eybəcərliyin din adı altında təqdimatından başqa bir şey deyil. Bu video 2-3 gündür sosial şəbəkələrdə paylaşılır. Hər kəs söyür. Azərbaycanda təəssüf ki, aidiyyatlı qurumlar sosial şəbəkələri ciddiyə almır, orada yayılan xəbərlərə istisna hallarda reaksiya verirlər.

Nəhayət, Cəbhə.info saytı axundun bu əxlaqa sığmayan çıxışı haqda tənqidi material hazırladı. “Yeni Sabah” da həmin materialı öz səhifəsində yayımladı. Bir sıra dostlar, rəsmi şəxslər material yayımlanandan dərhal sonra mənimlə əlaqə saxlayıb belə bir mövzunu işıqlandırmağın düzgün olmadığını dedilər. Razıyam. Mövzu həqiqətən çox iyrəncdir. Belə mövzulara heç sarı mətbuat da yer verməz. Lakin məsələ ondadır ki, biz susduqca, bu molla əmmaməsi altında tərbiyəsizlik yayanları görməzdən gəldikcə günü-gündən daha betər mənəviyyatsızlıqların şahidi oluruq axı...

Nə qədər çox susacağıqsa, bizi o qədər dibə sürükləyəcəklər. Necə ki, indi narkomaniyanın əlində aciz qalmışıq. Həm bu, həm də Hacı Cavidin təbliğ etdiyi məsələ sıradan deyil, uzunmüddətli hədəflərə istiqamət götürmüş bir siyasətin icra planına daxil olan aksiyalardır. Əgər bir milləti məhv etmək istəyirsənsə, onun gəncliyini sıradan çıxaracaqsan, mənəviyyatını korlayacaqsan, əxlaq dəyərlərini sıfırlayacaqsan.

Əxlaqsızlığın tarixi deyəndə dünya ədəbiyyatından oxuduğumuz iki toplum gəlir gözlər qarşısına: Qədim Roma və farslar. Detallara varmağa gərək yoxdur. Diqqət yetirməli olduğumuz məqam budur ki, bu gün Azərbaycandakı titullu mollaların böyük əksəriyyəti İrandan idarə olunur. Öz toplumunun maraqlarını düşünən bir adam 3 yaşında qızla cinsi əlaqənin mümkün olması haqda niyə çıxış etsin ki? Belə bir düşüncədə olan adamı QMİ hansı məntiqlə şəhərin ən böyük məscidlərindən birinə axund təyin etsin ki?! Şeyxin bu adamın "xütbə"sindən xəbəri varmı? Hələ bu bir tərəfə qalsın. Hacı Cavid bu eybəcər fikirlərini bitirən kimi, məsciddə onu dinləyənlər sevinirmişcəsinə təkbir deməyə başlayırlar. Onlar niyə öz gözlərinin qabağına 3 yaşlı qızlarını, nəvələrini gətirmədilər? Orada heçmi bu mənəviyyatsızlığa etiraz edəcək adam olmadı?! Oradakı hər kəs bu molla kimimi düşünür?

Susmaq razılaşmaqdır. Bu mənəviyyatsızlığa susmaq olmaz. Narkomaniya ilə bugünkü reallıqları göz qabağına gətirək, heç olmasa, bu dəfə önləyici tədbirlərimizi görək.

Bizim işimiz media olaraq onların ifşasıdır. Bu, mütləqdir. Onların dediklərini tənqid etmək, bu ziyanlı fikirləri yaymaq lazımdır ki, bəlkə QMİ, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi molla geyimindəki pedofillər haqda tədbir görsünlər.

Hamının evində azyaşlı qızı, nəvəsi böyüyür. Ola bilsin ki, bu pedofillər üçün həmin fidanların heç bir dəyəri yoxdur. Biz ki, pedofil deyilik...

Bəs niyə susuruq?

Susmaq bir ayıb, danışanları susdurmağa cəhd etmək isə ikinci ayıbdır...

Elnur Məmmədli