“Bakının mərkəzində bir çox məscidlərimiz İrançı qüvvələrin işğalı altındadır” - Deputat

“Bakının mərkəzində bir çox məscidlərimiz İrançı qüvvələrin işğalı altındadır” - Deputat

20 Sentyabr 2022 06:48
Bəyəndim (0) Bəyənmədim (0)

"22 yaşlı günahsız bir qadını İrandakı dinçilərin əxlaq polisi öldürdü. Geyimə görə insan öldürmək kimi vəhşilik yalnız İran nümunəsi deyil, özünü İslam adlandıran ərəb və qeyri-ərəb ölkələrinin əksəriyyətində adi bir haldır".

Oxuməni.az xəbər verir ki, bunu deputat Fazil Mustafa qeyd edib.

Millət vəkili diqqətini çəkən başqa bir məqamı xüsusi vurğulayıb:

"Ötənlərdə diqqətimi başqa bir məqam çəkdi. Bildiyimiz kimi, bizim dövlət qurumlarının gəvşəkliyindən Bakının mərkəzində bir çox məscidlərimiz İrançı qüvvələrin işğalı altındadır. Bu məkanlardan biri də Qasımbəy məscididir. Orada İranın canişini funksiyasını yerinə yetirən Hacı Samir Ağayev adlı birisi Qumdan gələn tapşırığa əsasən şəxsimə qarşı bir sicilləmə etiraz cızmaqarası paylaşmışdı. Bu cür yazılara qarşı ümumi mövqeyimizi vaxtaşırı cəmiyyətimizə izah etdiyimizə görə üzərində durmayacağam. Ancaq bu şəxsin təqdimatında belə bir rütbə qeyd olunmuşdu: ilahiyatçı, əxlaq ustadı Hacı Samir! Allah-Allah, görən bu əxlaq ustadı nəmənə şeydir? Bu günlərdə İranda əxlaq polisinin 22 yaşlı günahsız bir qızı vəhşicəsinə öldürməsini eşidəndə düşündüm ki, yəqin İranın Azərbaycanda bizdəki satqın və cahillərin yardımı ilə qurmaq istədiyi Kərimə və ya Kərmə (biz tərəflərdə yanılmıramsa Təzəyə həm də Kərmə deyirlər), yəni Təzək dövlətinin əxlaq polisinin başına bu əxlaq ustadını gətirməyi planlaşdırırlar. Buna deyirlər e, tazının gəvşəkliyindən dovşan gəlib tayada balalayar".

Fazil Mustafa fikirini belə yekunlaşdırıb:

"Şükür kəramətinə İlahi, nadanların tarix boyu ağıllıları üstələdiyi bu zavallı məmləkətdə 20-ci əsrin əvvəllərində əxlaq ustadınız Şeyx Nəsrullah İsfahani idi, 21-ci əsrdə də əxlaq ustadınız Hacı Samir Qumi oldu. Artıq Vətən əxlaqı olmayanlar yad əxlaqın şagirdi olmaq üçün sıraya düzülə bilərlər. Yazıq, yazıq, yazıq Vətən!".