“Xankəndiyə gedən yol Zəngəzurdan keçir...”

“Xankəndiyə gedən yol Zəngəzurdan keçir...”

21 Sentyabr 2022 06:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Bəzən belə fikirlər səslənir ki, “Zəngəzur bizə lazım deyil... Boş yerə itkilər veririk...” Və s. Bilirsiz, əvvəla, müharibə bizim seçimimiz deyil. 30 il öncə də belə olmuşdu, indi də belədir. Bizi düşmən məcbur edib savaşmağa... Mən sülh istəyirəm, amma qonşum istəmirsə və mənə düşməncəsinə hücum edirsə, nə etməliyəm?.. Hesab edirəm ki, son əməliyyatlar barədə səslənən bəzi fikirlər məhz məlumatsızlıqdan yaranır...”.

Oxuməni.az xəbər verir ki, bu sözləriu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında deyib.

“Təbii ki, bizim hamımızı sarsıdan gənc oğullarımızın şəhid olmasıdır... Amma yenə deyirəm, bu, bizim seçimimiz olmayıb. Biz o hərbçilərimizə birbaşa deməmişik ki, Ermənistan ordusuna tərəf atəş açın. Həmin oğulların çoxu kazarmada şəhid olublar... Yalnız bundan sonra ordumuz düşmənə sarsıdıcı cavab verməyə məcbur olub.... Yenə təkrar edirəm ki, ictimaiyyətin bir hissəsi lazımı səviyyədə məlumatlanıdırılmadığından bu cür fikirlər yaranır. Yəni 44 günlük savaş dövründə vəziyyət bir az başqa cür idi... İndi isə hesab edirəm ki, bəzi məsələləri açıqlayıb izah etmək lazımdır...” -deyə açıqlamasının davamında politoloq bildirib.

“Sizcə, Xankəndi, Xocalı və keçmiş Dağlıq Qarabağın digər ərazilərindəki yarımçıq qalmış problemlərimizi həll etməmiş Zəngəzur dəhlizinin açılmasına çalışmaq doğrudurmu” sualını isə Tofiq Zülfüqarov belə cavablandırıb:

“Bəzən insanlar anlamırlar ki, nəyisə müdafiə etmək üçün hücuma keçmək lazımdır... Vaxtilə Atatürk alimləri toplayıb ki, elmi-tarixi baxımdan Türkiyənin torpaqları uğrunda savaş aparmaqda haqlı olduğunu sübut etsinlər. Alimlər araşdırmalarla müxtəlif sübutlar ortalığa qoyurlar ki, İstanbulda filan vaxtdan, Ankarada filan vaxtdan türklər yaşayıb. Atatürk cavab verib ki, mənə İstanbuldan danışmaq lazım deyil, İstanbulda onsuz da türk əsgəri dayanıb. Mənə Afinadan danışın...Yəni anlamaq lazımdır ki, ən yaxşı müdafiə hücumdur. Bu baxımdan da mən belə deyərdim ki, Xankəndinə gedən yol Zəngəzurdan keçir...”

“Baxın, biz Zəngəzur mövzusunu qaldırdıqdan sonra Paşinyan parlamentdə belə çıxışlar etməyə başlayıb: “Elə bir sənədə qol çəkməliyik ki, bəlkə də məni satqın adlandırdılar”... Bunlar hamısı Azərbaycan tərəfindən Zəngəzur mövzusunun sərt şəkildə qoyulmasının nəticəsidir. Yəni bu saat yalnız Xankəndinin yurisdiksiyamıza qaytarılmasını tələb etmək(onsuz da biz onu tələb edirik) o deməkdir ki, biz müdafiə mövqeyindəyik. Bəllidir ki, gec və ya tez biz Xankəndində olacağıq. Əslində biz Laçın və Kəlbəcəri azad etdikdən və Azərbaycan əsgəri orada dayandıqdan sonra Xankəndi məsələsi strateji baxımdan artıq həllini tapıb. Taktiki baxımdan isə hesab edirəm ki, Zəngəzur məsələsi gündəmə gətirilməklə bəlkə də həm Zəngəzur, həm də Xankəndi problemini həll etməyə nail olacağıq...”- deyə sabiq baş diplomat vurğulayıb.