Masadakı iki fərqli sülh sazişi - Rusiya və Qərb nə təklif edir?

Masadakı iki fərqli sülh sazişi - Rusiya və Qərb nə təklif edir?

30 Sentyabr 2022 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan və Ermənistan arasında mövcud durumun çözülməsi üçün hamının qəbul etdiyi bir formul var: sülh sazişi. Amma hamı sülh sazişi barədə danışsa da ortada real nəticə yoxdur”.

Oxuməni.az xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən iki il keçsə də, hələ də qan tökülməkdə davam edir:

“Sülh sazişi ilə bağlı Azərbaycanın təklif etdiyi 5 bəndlik prinsiplər də var:

Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

Dövlətlərin bir-birlnə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Ermənistan tərəfi bu təkliflərə birini də əlavə etməklə prosesə etiraz etmədiyini bildirib. Amma prosesin dalana dirənməsi onunla nəticələnir ki, yenə də qan tökülür. Sözsüz ki, sülh sazişinin kimin vasitəçiliyi ilə bağlanacağı prosesin dalana dirənməsinin səbəblərindən biridir. Amma bu, pərdə arxasında qalan yeganə və əsas səbəb deyil”.

Asəf Quliyev qeyd edib ki, Qərb və Rusiya sülh sazişi üçün müxtəlif kombinasiyalar təklif edir:

“Bu kombinasiyaların hər ikisində bağlayıcı fiqur Qarabağ erməniləridir.

Rusiyanın təklifi

Kreml başbilənləri təklif edir ki, Azərbaycan və Ermənistan arasında saziş imzalansın və bu sazişdə Qarabağ ermənilərinin taleyinin gələcəkdə referendum vasitəsi ilə həll ediləcəyi qeyd olunsun, status məsələsi gələcəyə saxlanılsın.

Yəni Azərbaycan və Ermənistan sərhədləri müəyyənləşdirsin, kommunikasiyaları açsın, Qarabağda yaşayan ermənilərin taleyini isə Rusiya sülhməramlılarına həvalə etsinlər. Rusiya bununla regionda mövcudluğuna təminat almaq istəyir. Azərbaycan bununla razılaşmır. Status məsələsi rəsmi Bakı üçün bitib. Erməni tərəfində buna münasibətdə iki rəy var. Ermənistan hakimiyyəti bu təklifdən xoşhal deyil. Amma Ermənistandakı revanşist qüvvələr üçün bu, ən optimal variantdır.

Qərbin təklifi

Brüsselin timsalında Qərb hesab edir ki, saziş Qarabağ ermənilərinin taleyinə də aydınlıq gətirməlidir. Hər hansısa bir formada status olmalıdır. Bakını razı salmaq üçün Brüssel Azərbaycanın ərazi bütövlüyünü və Qarabağa veriləcək statusun Azərbaycanın tərkibində olmasını təbii hesab edir. Belə bir sazişi reallaşdırmaqla Qərb Rusiyanın regionda mövcudluğuna ehtiyacı aradan qaldırmaq məqsədi güdür.

Rusiya bunu bilir və Ermənistana təzyiq edir. Ermənistanda isə hakim isteblişment bu təklifi qəbul edir. Paşinyan imzalamağa hazırlaşdığı sənəd barədə danışanda da məhz bunu nəzərdə tuturdu. Yəni İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ ermənilərinin Azərbaycanın tərkibində statusuna nail olur. Revanşistlər isə bunu qəbul etmir və bu, Rusiyaya imkan verir ki, Paşinyan hökumətinə həm xaricdən, həm də daxildən təzyiq etsin.

Bakı bu təkliflə də razı deyil. Status məsələsi Bakının gündəliyində yoxdur. İndi Qərbin Azərbaycana gözlə görünən təzyiqlərinin arxasında da məhz bu dayanır”.

Jurnalist bildirib ki, Azərbaycanın hazırkı durumda güvəndiyi yeganə reallıq “Dəmir Yumruq”dur:

“Hazırda Bakının əsas arqumenti güc faktorudur.

Ermənistanın isə güvənə biləcəyi reallıq demək olar ki, yoxdur. Ordu sıfır vəziyyətində, diplomatik cəhdlər haçalanıb. Ermənistanı çətinə salan əsas faktorlardan biri də real dəstəyi Qərbdən, yoxsa Rusiyadan almaq sualıdır. Qərbə inteqrasiya yolu tutan Paşinyanın Rusiyadan dəstək alması paradoksal durum yaradıb. Qərb isə Rusiyanın təsiri altında olan Ermənistana real dəstək verməyə ehtiyatla yanaşır”.