
Beynəlxalq konfransda İslam mədəni irsinin qorunması yolları müzakirə edilib
Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans açılış mərasimindən sonra işini panel və plenar iclaslarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, İordaniya Universitetinin Strateji Tədqiqatlar Mərkəzinin direktoru Həsən Əl Momaninin moderatorluğu ilə keçirilən panel iclasda “Dəyişən dünyada İslam mədəni irsinin qorunması” mövzusu müzakirə edilib.
İclasda çıxış edən Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin sədr müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muhetdinovun sözlərinə görə, Qarabağın azad edilməsi və bərpası tarixi göstərir ki, hər bir cəmiyyətdə yaddaşın qorunmasında dini memarlıq abidələri mühüm rol oynayır. “VII əsrə aid olan Dərbənd Cümə məscidi, Dağıstandakı məscidlər və s. İslam ümmətinin müasir Rusiya torpağında təşəkkül tapdığı dövrlərin mühüm tarixi yadigarıdır. Bu və digər abidələr yalnız Rusiyadakı müsəlman xalqların tarixi yaddaşının qorunması baxımından deyil, eyni zamanda, Rusiyanın çoxdinli və çoxmillətli mədəniyyətinin simvolu olaraq da əhəmiyyətlidir. Bu mənada İslam memarlıq abidələri dinlərarası dialoqun önəmli vasitəsinə çevrilir”, - deyə D.Muhetdinov qeyd edib.
Dünya Müsəlman İcması Şurasının baş katibi (BƏƏ) Məhəmməd Beçəri Beynəlxalq və Avropa qanunvericiliyində dini, dil və mədəni azlıqların hüquqlarını qoruyan maddələrin olduğunu bildirərək deyib: “Lakin biz bu keçici layihədən çıxaraq, bu cəmiyyətlərin yaşadığı çoxmədəniyyətli reallığın ədalətli və yetkin bir layihəsinə keçməliyik. Qərb dövlətlərinin hamısına bu vəziyyəti aid etmək olmaz, çünki vəziyyət ölkədən ölkəyə dəyişir”.
Milli Məclisin deputatı Qaya Məmmədov təxminən bir əsr əvvəl Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində azərbaycanlıların etnik çoxluq təşkil etdiyini deyib. O qeyd edib ki, bu insanların hamısı Ermənistandan deportasiya olunub. Onların torpaqlarında yeni bir dövlət yaradılıb və həmin dövlət BMT-yə üzv qəbul edilib.
"Biz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində bir çox oxşar hallarda birlik göstərmişik. Amma İƏT ölkələrinin qarşılaşdığı problemlər içində bizim üzləşdiyimiz vəziyyətin miqyası və dərinliyi bənzərsizdir. Mən Ermənistandan olan etnik azərbaycanlı kimi deyə bilərəm ki, Ermənistan sistemli islamofobiyanın mərkəzi məkanıdır. Ermənistandan azərbaycanlıların deportasiyası misilsiz ədalətsizlik nümunəsidir", - deyə Q.Məmmədov qeyd edib.
İslam işləri üzrə Ali şuranın Baş katibi Məhəmməd Əbdül Rəhim Əl-Bayumi isə çıxışında bildirib ki, hər kəs öz dini irsini qorumağa çalışır və bu irs yalnız maddi deyil, eyni zamanda, məlumat və dəyərlər toplusudur.
"Biz reallıqda bəzi təhriflərlə üz-üzəyik – bunlar praktikada müşahidə olunan yanlış davranışlar və fikir axınlarıdır. Təəssüf ki, bu təhriflərin kökü çox zaman məsələyə şüursuz, səthi və metodsuz yanaşmalardan qaynaqlanır. Əgər biz irsi yalnız formal şəkildə qoruyuruqsa, lakin onu cəmiyyətlərin rifahına xidmət edən bir vasitə kimi görmürüksə, bu irsi canlı saxlamaq mümkün deyil", - deyə o diqqətə çatdırıb.
Beynəlxalq Əlaqələr üzrə Sumer Fondunun direktoru Məhəmməd Şumməri bildirib ki, beynəlxalq sistem hazırda öz təməl prinsipləri olan qloballaşma, çoxtərəflilik və açıq bazar dəyərləri baxımından ciddi bir aşınma dövrü yaşayır.
Onun sözlərinə görə, bu prinsiplərin yerini getdikcə millilik və xalqçı axınlar tutur. Bu isə “mədəni kimliyin saflığı” kimi anlayışların yenidən gündəmə gəlməsinə səbəb olur. Nəticədə “biz və digərləri” mübahisəsi güclənir və dini-sivilizasiya simvollarının, irsi dəyərlərin yenidən ortaya atılması baş verir - amma bu dəfə tolerantlığın deyil, fərqləndirmənin bir aləti kimi. İslamofobiyaya ağıllı və şüurlu yanaşma, İslam mədəni irsini bu çağırışlara cavab verən strateji bir vasitəyə çevirməklə mümkündür.
Panel sessiyası mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Oxuməni.az