"Qarabağ" Polşada "Legiya"nı darmadağın etdi

"Qarabağ" Polşada "Legiya"nı darmadağın etdi

2 Oktyabr 2020 08:49
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Oxuməni.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsində qüvvəsini sınayıb.

Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə qarşılaşan Ağdam təmsilçisi Polşanın “Legiya” ilə qarşılaşıb. Avrokubok mövsümündə ilk səfər sınağına çıxan “Qarabağ” bir matçdan ibarət mərhələnin matçını Varşavada keçirib.

Oyunun ilk yarısında ərazi üstünlüyünə yiyələnən “Qarabağ” bir neçə qol imkanı yaratsa da, hesabı aça bilməyib. Təmsilçimiz matçın taleyini fasilədən sonra həll edib.

Komandanın bu yay transfer etdiyi Patrik Andrade ikinci hissənin əvvəlində Polşa çempionunun qapısına yol tapıb. Ardınca Abdullah Zubir və Filip Ozobiç də meydan sahiblərini məyus edib. Bununla da “Qarabağ” Varşava səfərində böyükhesablı qələbə qazanıb – 3:0.

Beləliklə, Azərbaycan çempionu 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Bunadək bir dəfə Çempionlar Liqası, beş dəfə Avropa Liqasının qrupuna düşən “Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək.


Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
22:00. “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3

Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 70
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)

"Legiya": 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart.

Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas.

Baş məşqçi: Çeslav Mixneviç.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov.

Varşava. Ordu stadionu