Üçəm doğduğu üçün əri onu atdı
Bakı şəhərində bir ay əvvəl dünyaya gəlmiş üçəmlər ehtiyac içərisindədirlər.
Körpələrin nənəsi Şərqiyə Novruzova bildirib ki, qızı Xəyalə Novruzova avqustun 6-da üçəm doğub. Nənənin sözlərinə görə, körpələrin doğulması ailəyə sevinc gətirməklə yanaşı, böyük problemlər də verib: "Uşaqların nə beşiyi var, nə uşaq arabası. Kasıbçılıqdan uşaqlara baxa bilmirik. Qızım ailəsi ilə kirayədə yaşayırdı, pulu ödəyə bilmədiklərindən gətirib öz evimdə saxlayıram. Uşaqları atası da atıb, baxa bilmir deyə imtina edir. Çox pis vəziyyətdəyəm. Uşaq evinə verən deyiləm ki, nökərlik etsəm də, böyüdəcəm".
Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev açıqlamasında bildirdi ki, üçəm dünyaya gətirən ailənin heç bir imtiyazı yoxdur. Millət vəkilinin sözlərinə görə, üçəmlər nadir hallarda doğulur və son zamanlar təbii yolla deyil, süni reproduktiv texnologiyadan istifadə edilməklə, süni mayalanma yolu ilə dünyaya gəlir: "Təbii yolla üçəm dünyaya gətirmək olmur. Reproduktiv texnologiyadan istifadə edən ailənin isə pulu var. 10-15 min manatlıq texnologiyadan istifadə edən ailə pulsuz deyil".
M.Quliyev qeyd etdi ki, sovet dövründə üçəm olan ailələrə növbədənkənar mənzil verilirdi, uşaqlara baxmaq üçün dayə tutulurdu. Hazırda elə bir şey yoxdur. Ailə kasıbdırsa, ünvanlı sosial yardım ala bilər. Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə "Həmin ailə komitəmizə müraciət etsin. Müvafiq şöbəsi məşğul olub kömək edər" - deməklə söhbəti yekunlaşdırdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədov bildirdi ki, həmin ailə yaşadığı Yasamal rayon Sosial Müdafiə Mərkəzinə müraciət etsin. Mərkəz tərəfindən onların ailə tərkibi və gəlirləri araşdırılacaq. Nazirlik rəsmisinin sözlərinə görə, işləyən analar üçün 1 yaş 6 ayına qədər olan uşaqlara 30 manat, 3 yaşa qədər 20 manat verilir. Əgər həmin ailə aztəminatlıdırsa və dövlətdən ünvanlı sosial yardım alırsa, ailədə bir yaşa qədər olan hər bir uşağa 45 manat müavinət verilir. /milli.az/
O.M.