Tanınmış yazıçımız vəfat edib
Yazıçı Cəmil Əlibəyov uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib. Bu barədə aznews.az-a "ULUS FİLM" prodüser mərkəzinin direktoru, mərhumun qardaşı oğlu Gəray Əlibəyov məlumat verib. G.Əlibəyovun sözlərinə görə, yazıçı ilə vida mərasimi bu gün saat 12.00-da Təzə Pir Məscidində keçiriləcək.
Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) daxil olub. "Azərbaycan gəncləri" qəzetində çalışıb. C.Əlibəyov 1970-ci ildə Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub. 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayıb. "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib.
C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb. C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlayıb. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvü olub. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilib) müəllifidir.
Azərbaycanda həmin romanlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunub. Bir neçə pyesin, ssenarinin, publisist kitabın müəllifidir.
C.Əlibəyov qırğız yazıçısı Çingiz Aytmatovun "İlk müəllim", "Ana tarla", "Ağ gəmi", Jorj Sandın "İndiana" və digər başqa əsərləri dilimizə tərcümə edib.
Mediainfo.az