Türkiyə mətbuatı girovlarımız haqda yazıb
"İslahatçı Gənclər" İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər – Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulan saxta "məhkəmə" prosesi, soydaşlarımızın fiziki-mənəvi işgəncələrlə məruz qalması ilə bağlı Türkiyənin bir sıra nüfuzlu mətbu orqanlarına açıqlama verib. "Doğan" Xəbər Agentliyi(DHA), "Star" və "İstanbul" qəzetləri, eyni zamanda Türkiyənin bir sıra digər populyar xəbər portallarında dərc olunan açıqlamada erməni girovluğunda olan soydaşlarımızın azad edilməsi üçün Azərbaycanda başlanan genişmiqyaslı "Girovlarımızı azad et!" kampaniyasından söz açılır.
Fərid Şahbazlı Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, "İslahatçı Gənclər" İctimai Birliyinin üzvləri bu kampaniyaya qoşularaq, Bakı şəhərinin mərkəzi küçələrində üzərində 3 dildə – Azərbaycan, ingilis və rus dillərində "GirovlarimiziAzadEt" yazılmış plakatlar tutaraq, bütün vətəndaşlarımızı soydaşlarımızın qondarma məhkəmə qarşısında mühakimə olmasına etiraza səsləyib.
İGİB sədri qeyd edib ki, Azərbaycanın Kəlbəcər bölgəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən bu mülki şəxslər Ermənistanın dövlət sərhədlərini pozmayıblar: "Onların getdikləri torpaqlar Azərbaycanın dövlət sərhədlərini əhatə edir. Ermənistan tərəfindən işğal edilmiş ərazilər Kəlbəcər daxil suveren Azərbaycanın torpaqlarıdır.
Azərbaycanlıların bu bölgələrə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağan qoyula bilməz. Bu torpaqlar ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyev və onlar tərəfindən öldürülən Həsən Həsənovun tarixi vətənidir. Azərbaycanlıların bu bölgələrə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhədini pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" və dünya tərəfindən tanınmayan qondarma rejimin nəzarətində olan torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının bölgəsidir".
F. Şahbazlı vurğulayıb ki, əksinə, Ermənistan özünün işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri içində sərbəst hərəkət etmək, öz ev-eşiyini, yaxınlarının məzarını ziyarət etmək haqqını da pozur, onları girov götürür, işgəncə və hədələrə məruz qoyur: "Bu mənada dünya mülki azərbaycanlıların Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülməsi, onlar üzərində saxta "məhkəmə"nin qurulması, eyni zamanda fiziki-mənəvi işgəncələrə məruz qalması faktına susmamalıdır. Dünya birliyi Ermənistanın bu özbaşınalığına "Dur" deməli və azərbaycanlı girovların azad edilməsi üçün beynəlxalq hüquq normaları çərçivəsində zəruri olan təcili addımları atmalıdır".
Mediainfo.az