ARDNŞ xəbərdarlıq etdi!
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Departamentinin (İRD) rəisi Asif Bəkirli şirkətə işədüzəltmə adı ilə vətəndaşların kütləvi şəkildə aldadılması ilə əlaqədar əhaliyə müraciət edib.
Şirkətdən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, hazırda ARDNŞ-a işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan onlarla şəxs hüquq-mühafizə orqanlarına müraciət edib: "Bizdə olan məlumata görə, hardasa 12-15 arası müraciət hüquq-mühafizə orqanlarında araşdırılır və bəziləri barədə artıq tədbirlər də görülüb. Baxmayaraq ki, bununla bağlı ARDNŞ-ın korporativ veb səhifəsində (https://careers.socar.az//VacancyInfo.aspx?type=1) "ARDNŞ-a işə qəbulla əlaqədar dələduzluğa qarşı xəbərdarlıq" yerləşdirilib, lakin bu kimi hallar hələ də davam etməkdədir".
A.Bəkirli qeyd edib ki, fırıldaqçılar bəzi insanların sadəlövhlüyündən istifadə edərək, insanlardan müəyyən maliyyə vəsaiti alıb onları ARDNŞ-da işə düzəldəcəkləri barədə vəd verirlər: "Əgər bu şəxslərdən kimlərsə öz biliklərinə görə müsabiqədən keçib işə qəbul edilirlərsə, fırıldaqçılar bunu öz "xidmətləri" kimi təqdim edir, keçməyənlərin isə pulunu ya qaytarır, ya da müəyyən bəhanələrlə vaxtı uzadırlar ki, bu da vətəndaşların hüquq-mühafizə orqanlarına şikayət etmələrinə səbəb olur. Bir daha bildiririk ki, keçirilən müsabiqələrdə kənar təsirlər (hətta İRD rəhbərliyinin) və neqativ hallar qeyri-mümkündür, çünki proses müvafiq komissiyalar tərəfindən tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və videoçəkilişlə həyata keçirilir. Hər kəs bilməlidir ki, baş vermiş və yaxud baş verə biləcək qayda və yaxud qanun pozuntularının qarşısının alınması və ya təhqiqatının aparılıb aşkar edilməsini yalnız qanun keşikçiləri olan hüquq-mühafizə orqanları həyata keçirə bilərlər. Ona görə də belə dəllalların toruna düşənlər yalnız hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".
Mediainfo.az