Seçicilər konstitusion hüquqlarından istifadə edirlər - AZƏRTAC Xankəndidən xəbər verir
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərindəki keçmiş mərkəzi inzibati binada yaradılmış 14 saylı və Kərkicahan qəsəbəsindəki 15 saylı məntəqələrdə seçicilərin ruh yüksəkliyi və fəallığı ilə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri 14 saylı seçki məntəqəsinə gedərək, səsvermənin gedişini müşahidə edib.
İşğaldan azad olunmuş digər ərazilərdə yaradılan seçki məntəqələri kimi 14 saylı seçki məntəqəsində də qələbəlik hökm sürür. Ərazidəki seçicilər məntəqəyə gələrək istədikləri namizədlərə səs verirlər.
Səsvermədə iştirak edən Vüqar Ağayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Çox qürurluyam ki, ölkəmizin ərazi bütövlüyü tam təmin edilib və respublikamızın hər yerində olduğu kimi, Qarabağımızda da seçkilər keçirilir. Parlament seçkisində fərəh hissi ilə iştirak edirəm. Qarabağımızda, Xankəndi şəhərində səs verdiyim üçün özümü xoşbəxt hesab edirəm. Dövlətimiz hər zaman qüdrətli, vətəndaşlarımız qürurlu, bayrağımız yüksəklərdə olsun!”.
Məntəqədə səsvermə prosesini izləyən müşahidəçilər səsvermənin yüksək səviyyədə, demokratik şəraitdə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.
Səsvermə prosesi davam edir.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 mandat uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
Oxuməni.az