Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

22 İyun 2021 10:11
Bəyəndim (1) Bəyənmədim (0)

Müşfiq Cəbi

BU GÜNDƏN

Sənli xatirələr ocaq yeridir,

Getsəm, üşümərəm qışa, bu gündən.

Ömrümə gözucu bir hasar çəkin,

Tutun taleyimi daşa, bu gündən.

***

Nə bir toy tutmuşam, nə toyum olub,

Səndən gizləmək də bir oyun olub.

İlahi, ölümlə qol-boyun olub,

Gəlirəm yanına qoşa, bu gündən.

***

Mən səndən yapışım, sən məndən asıl,

Qoy bizə tutsunlar indidən yası.

Girib ürəyimə sinəmdən asıl,

Ya da dön gözümdə yaşa, bu gündən.

***

Sındır saçlarını, et çilik-çilik,

Sonra da gözünü yollarıma dik.

Mən çıxıb gedirəm səndən ömürlük,

Sən də get bir yolluq yaşa, bu gündən.

SİNƏM ÜSTDƏ

Tükənir günbəgün olan gücüm də,

Boy verə bilmirəm eh, bu biçimdə.

Bir ocaq qalanıb sanki içimdə,

Əriyər, qoysanız daş, sinəm üstdə.

***

Yarpağı tökülmüş budaq kimiyəm,

Budağı qırılmış yarpaq kimiyəm.

İçi oyum-oyum torpaq kimiyəm,

Çırpma ayağını boş sinəm üstdə.

***

İndi çox uzaqdır, mən getdiyim yer,

Bu son gedişimə son gülü də dər.

Mənzilə çatınca mənə ümid ver,

Yıxılıb düşməsin baş, sinəm üstdə.

SƏNİ YAZMIŞAM

Açılan pəncərəm səndən danışır,

Örtülən qapıma səni yazmışam.

İynənin ucundan keçə bilməyən,

İpimə, sapıma səni yazmışam.

***

Hissimin çözülməz qəzəbi sənsən,

Ruhumun hər zaman tələbi sənsən.

Ürək ağrıların səbəbi sənsən,

Könül əzabıma səni yazmışam.

***

Sağım qubarlanır, solum daşlanır,

Bütün ümidlərim sənə tuşlanıb.

Ən ilk səhifəm səndən başlanır,

Ən son hesabıma səni yazmışam.

***

O külək çətin ki, qapımı döyə,

O bulud mənimdir, sancılıb göyə.

Bir ömür dillərdə oxunsun, deyə,

Ömür kitabıma səni yazmışam.

Sevinc Qərib

YOXA, MƏCHULA ÇIXACAM

Qapına gələn yorğunam,

Hanı qapının açarı?

Yüz yalanda bir doğrunam,

Al evinə bu naçarı.

***

Aç, uyuyum dizlərində,

Dizlərin savaba batsın.

Hicran gəlib izlərimdə,

Qoyma diləyinə çatsın.

***

Alım gözümün ağrısın,

Sonra xəyala dönəcəm.

Lap əzab məni doğrasın,

Könül taxtından enəcəm.

***

Yox olacam dumanlarda,

Gözümdə bulud bitəcək.

Bəlkələr də, gümanlar da,

Düşüb yollarda itəcək.

***

Varıb qeyblərin göyünə,

Yoxa, məchula çıxacam.

Kilidlənib bir düyünə,

Kəndirə boyun sıxacam.

ÇİÇƏK QUCAQLAYA SƏNİ

Alasan əlinə mürəkkəbini,

Düşəsən yolların ağ izlərinə.

Çəkəsən sınağa şair təbini,

Sərəsən ruhunu kəhrizlərinə.

***

Təşnə dodaqların yanğısı sönə,

Soyuya ürəyin bulaq suyutək.

Susmuş bülbüllərin nəğməsi dinə,

Torunda dincələ, yata hörümçək.

***

Çevirib yönünü gedəsən uzaq,

Düşüb izlərinə gələ sərin meh.

Çiçək qucaqlaya səni bir qucaq,

Gizlənə ovcunda bircə damcı şeh.

***

Atasan özünü dəlisov çaya,

Çəkə ürəyindən çıxara səni.

Elə rast gətirə bir özgə taya,

Özün tapmayasan özündə səni.

TANRIYA

Boş əlim, boş qucağım,

Alışmadı ocağım.

Yox daha umacağım,

Çək göyünə, çək məni!

***

Sevgim tənha qarıdı,

Dərdim məndən yarıdı.

Üzüm sənə sarıdı,

Çək göyünə, çək məni!

***

Dibi su tutmaz quyum,

Bəxtimə çatmaz boyum.

Nə yatdım, nə də doyum,

Çək göyünə, çək məni!

***

Ümidlərə sarıldım,

Üz görmədim, qırıldım.

Bu ömürdən yoruldum,

Çək göyünə, çək məni!

Hazırladı: İsa Rəvan