Aşıq Ələsgər Azərbaycan türküdür: Üzə çıxan fakt bunu bir daha sübut edir
Rus şairi, etnoqrafı, məmur Yakov Polonski Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşri olan “Qafqaz” (Kavkaz) qəzetinin redaktor köməkçisi işlədiyi dönəmdə, 1847-ci ildə ona regionda olan statistik faktların toplanması barədə yazı hazırlanması tapşırılır və bu məqsədlə o, Qafqazın regionlarına səfərə çıxır. Azərbaycana gələndə yerli folklor və mədəni adətlər barədə məlumatlar toplayan zaman toy məclislərinin birində 26 yaşlı gənc bir aşıqla tanış olur. Əli-Əsgər kimi özünü təqdim edən gənc aşığın ətrafında o qədər adam toplanması və hər kəsin onu diqqətlə dinləməsi Polonskinin diqqətini cəlb edir.
Axar.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, Polonski səfərinə davam edir və Tifilsə qayıdır:
“1851-ci il 5 yanvarda, “Qafqaz” qəzetinin 1-ci sayında, səhifə 3-də səfəri barədə yazır və orda tanış olduğu gənc aşıq haqqında – 20 yaşlarında tatar Əli kimi - xüsusi qeyd edir.
Bu aşıq sonradan bütün regionda məşhur olan Aşıq Ələsgər idi. Polonski onun səsinə və danışdığı dastanlara o qədər aşiq olmuşdu ki, gürcü, fars və erməni musiqiçilərindən onu daha üstün tutduğunu yazısında vurğulayır.
Həmin qəzetin üz qabığı və yazısının scrin hissəsini təqdim edirəm”.
Qeyd edək ki, Aşıq Ələsgər 1821-ci ildə Ağkilsədə doğulub və 1926-cı ildə vəfat edib. Ancaq onun uzun ömür sürməsinə inanmayan, xüsusilə övladlarının 1870-ci il təvəllüdlü olmasına diqqət çəkən bəzi tədqiqatçılar Aşıq Ələsgərin 1847-ci ildə doğulduğu versiyasını irəli sürüblər. Üzə çıxan bu məqalə isə yeni iddiaları birmənalı rədd edir və Aşıq Ələsgərin 1821-ci il təvəllüdlü olduğunu bir daha təsdiqləyir.
PS. Aşıq Ələsgər haqqında üzə çıxan bu faktlar erməni faşistlərinin təbliğatı altına düşərək onun Azərbaycan türkü olmaması barədə "səs-küy" salanlara vurulan Osmanlı silləsidir.