Cəbhə xəttini yarmaq üçün UR-77 qurğuları da sərhədə göndərildi

Cəbhə xəttini yarmaq üçün UR-77 qurğuları da sərhədə göndərildi

6 Dekabr 2021 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukrayna sərhədlərinə tərəf UR-77 məsafədən minatəmizləyən qurğuları göndərdiyi də məlum olub. virtualaz.org xəbər verir ki, bu qurğuları daşıyan dəmir yol eşelonu Ukrayna sərhədlərinə yaxın dəmiryol stansiyalarından birində qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, UR-77 qurğuları cəbhə xəttinin yarılması zamanı minalanmış ərazilərdən keçid açmaq üçün tətbiq edilir. Bildirilir ki, qurğular Ukraynanın bu yaxınlarda minaladığı sərhəd əraziləri istiqamətində hərəkət edib. UR-77 eni 6 metr və uzunluğu 90 metr olan keçid aça bilir və bu da bir neçə yüz hərbi texnikanın cəbhə xəttini yara bilməsi üçün kifayətdir. Bundan əlavə qurğu piyadalar əleyhinə minalanmış sahələrdən də eni 14 metrə qədər olan keçid aça bilir.

Ukrayna ordu komandanlığı bu qurğuların sərhədə cəmləşdirilməsini Rusiyanın hücuma hazırlaşdığına dəlalət edən daha bir ciddi fakt kimi qəbul edib. Xəbər verildiyi kimi, Rusiya Ukrayna sərhədlərinə 100 minlik qüvvə cəmləşdirib, ABŞ kəşfiyyatının məlumatlarına əsasən qruplaşma daha da gücləndiriləcək və Rusiyanın planı 4 istiqamətdən 175 minlik qüvvə ilə Ukrayna ərazisinə hücuma keçmək, Kiyevə qədər irəliləmək və orada özünün marionet hökumətini qurmaqdır.

Sosial şəbəkələrdə yayılan digər görüntülərə əsasən Rusiya ordusunun nəhəng hərbi texnika kalonu Krım istiqamətindən Ukrayna əraziləri istiqamətində hərəkət edib. Zirehi texnikanın üzərindəki nömrələrə əsasən sosial şəbəkə istifadəçiləri onların Rusiya Silahlı Qüvvələrinin 126-cı əlahiddə sahil mühafizə briqadasına aid olduğunu müəyyən ediblər. Bildirilir ki, hərbi texnika kalonu Sevastapol-Cankoy şosesi ilə Ukrayna sərhədi istiqamətində hərəkət edib.

Qoşunların cəmləşdirilməsinin davam etdiyi bir vaxtda Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ, Böyük Britaniya və Kanadanı Rusiyanın təcavüzünün qarşısını almaq üçün onun ölkəsinə hərbi qüvvə göndərməyə çağırıb. Nazir bu haqda “The Globe and Mail” nəşrinə müsahibəsində danışıb və bildirib ki, Kremli hərbi müdaxilədən çəkindirmək üçün addımları indi atmaq lazımdır. Çünki sonra çox gec olacaq.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynaya Qərb müttəfiqlərindən zenit raketlərinin, müasir döyüş təyyarələrinin və hərbi gəmilərin, radioelektron mübarizə sistemlərinin çatışmaması problemini aradan qaldırmaq üçün “çevik cavab” lazımdır. Habelə Reznikov ABŞ, Böyük Britaniya və Kanada əsgərlərinin Ukrayna ərazisində, cəbhə xəttinə yaxın yerləşdirilməsinə çağırıb. Reznikov müttəfiq ölkələrin bir neçə yüz nəfərlik hərbi təlimatçılarının Ukraynada yerləşdirildiyini bildirib və deyib ki, onların sayını artırmaq, cəbhə xətti yaxınlığındakı mövqelərdə yerləşdirmək lazımdır.virtualaz.org