Gürcüstanda yeni seçkilərlə bağlı ümummilli tətil elan edilib

Gürcüstanda yeni seçkilərlə bağlı ümummilli tətil elan edilib

5 Yanvar 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 15-də Gürcüstanda ümummilli xəbərdarlıq tətili elan edilib. Vətəndaşlar yeni parlament seçkilərinin keçirilməsini və saxlanılan etirazçıların azad edilməsini tələb edirlər.

Yanvarın 15-də saat 15:00-da baş tutacaq aksiyanın məqsədi yeni parlament seçkilərinin keçirilməsi və saxlanılan etirazçıların azadlığa buraxılmasıdır. Tətil təşkilatçıları bütün ölkə üzrə işəgötürənləri və işçilərini üç saatlıq fəaliyyətlərini müvəqqəti dayandırmağa çağırır.

Tətil təşkilatçılarının fikrincə, bu yolla onlar ölkənin siyasi həyatında dəyişikliklərin olmamasının iqtisadi durğunluğa və həyat səviyyəsinin aşağı düşməsinə necə səbəb olduğunu nümayiş etdirəcəklər.

“Tətilimizlə bizi təcrid vəziyyətində nələr gözlədiyini göstərəcəyik: iqtisadi durğunluq və işsizlik...” bəyanatında deyilir.

Etirazçıların əsas tələbləri təkrar parlament seçkiləri və oktyabrın sonunda parlament seçkilərindən sonra baş vermiş etiraz aksiyaları zamanı saxlanılanların azadlığa buraxılmasıdır.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkəyə 10 ildən artıq rəhbərlik edən rusiyayönlü “Gürcü arzusu” partiyası qalib gəlib. Müxalifət seçkinin nəticələrini tanımaqdan imtina edib.

Eyni zamanda, Gürcüstanın hakim partiyası ölkənin Aİ-yə inteqrasiyasını dayandırdığını bəyan edib. Bu, etiraz dalğasına səbəb olub.

Gürcüstanda kütləvi etirazlar hələ də davam edir. Vətəndaşlar yeni parlament seçkilərinin keçirilməsini və saxlanılan etirazçıların azad edilməsini tələb edirlər.

2024-cü ilin noyabr və dekabr aylarında ölkədə çoxsaylı etiraz aksiyaları keçirilib və bu zaman təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün güc tətbiq edib. Hakimiyyət etirazlarda iştirak edən əcnəbilər üçün deportasiya prosedurlarına başlayıb, 91 nəfərə ölkəni tərk etmək əmri verib.

Onu da xatırladaq ki, dekabrın 14-də Seçkilər Kollegiyası anti-Qərb baxışlı keçmiş futbolçu Mixail Kavelaşvilini Gürcüstan prezidenti vəzifəsinə seçib.

Əziz Mustafa, Oxuməni.az