Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Suriyanın yeni hakimiyyət orqanları Qətər hökuməti ilə strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Bu barədə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani bildirib.
“Bu gün razılaşdığımız humanitar yardım və strateji tərəfdaşlığa görə Qətərə bir daha təşəkkür edirik. Qətər Suriya xalqının keçdiyi böhran və çətin dövrdə tərəfdaşımız olub və Suriyanın gələcəyinin qurulmasında tərəfdaşımız olacaq ”, - o, Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlardan sonra bildirib.
Əl-Şibaninin qeyd etdiyi kimi, danışıqlar zamanı Suriya nümayəndə heyəti Qətərin baş naziri ilə “bütün əsas və strateji məsələləri” müzakirə edib, həmçinin yeni Suriya dövlətinin qurulması və onun xarici siyasəti üçün yol xəritəsini təqdim edib. Nazirin sözlərinə görə, bu yol xəritəsi bütün suriyalıların maraqlarını təmsil edən hökumətin formalaşdırılmasını da nəzərdə tutur.
Oxuməni.az