
Səudiyyə Ərəbistanı və ABŞ husilərə qarşı əməliyyat hazırlayırlar
Yəməndə “Ənsar Allah” (Husi) hərəkatına qarşı, ehtimal ki, ABŞ və Səudiyyə Ərəbistanı donanmasının da iştirak etdiyi quru əməliyyatı hazırlanır. Bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.
Açıqlamada, regional diplomatik qaynaqlar, cənub və şərqdən, daha sonra isə sahil boyunca başlayacaq quru əməliyyatı üçün hazırlıqların davam etdiyini bildirib.
Jurnalistlərin bildirdiyinə görə, koordinasiya edilmiş hücuma Hodeyda limanını geri almaq cəhdində Səudiyyə Ərəbistanı və ABŞ-ın dəniz dəstəyi də ola bilər.
Husilər bir gün əvvəl Qırmızı dənizin şimalında “Harry Truman” təyyarədaşıyan gəmisinə və onu müşayiət edən gəmilərə raket və pilotsuz uçuş aparatlarından istifadə edərək hücum etdiklərini açıqlamışdılar.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp husilərə qarşı hücumların, onlar ABŞ gəmilərinə atəş açmağı dayandırdıqda və naviqasiya azadlığına təhlükə yaratmadığı halda dayandırılacağını bildirmişdi.
Almaz Həsənli