
Rusiya Dövlət Duması universitetlərdə ödənişli yerlər üçün kvotalar haqqında qanun layihəsini təsdiqləyib
Parlamentin aşağı palatası 2026-cı ilin payızında qüvvəyə minəcək Rusiya universitetlərində tələbələr üçün ödənişli yerlərin sayına məhdudiyyətlərin müəyyən edilməsi təşəbbüsünü dəstəkləyib.
“Kommersant” xəbər verir ki, Dövlət Duması ali təhsil müəssisələrində ödənişli təhsilə tələbə qəbulunun dövlət tənzimlənməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Sənədə əsasən, 2026-cı il sentyabrın 1-dən ali məktəblər yalnız hökumətin müəyyən etdiyi kvotalar çərçivəsində kommersiya əsasında tələbə qəbulu həyata keçirə biləcək. Hazırda belə məhdudiyyətlər yoxdur, universitetlər ödənişli yerlərin sayını müstəqil şəkildə müəyyən edir.
Qanun layihəsində “Təhsil haqqında” qanuna dəyişikliklər təklif edilir. İzahat qeydində qeyd olunur ki, təşəbbüs prezident Vladimir Putinin fevralın 6-da Elm və Təhsil Şurasının iclasındakı çıxışından sonra hazırlanıb. Qanun layihəsini 346 deputat, 4 senator, həmçinin Federal Məclisin hər iki palatasının rəhbərləri imzalayıblar.
Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Mixail Berulava “İzvestiya”ya deyib: “Bu gün Rusiyada gənclərin pul müqabilində aldıqları hüquqşünaslar, iqtisadçılar və bəzi başqa peşələr çoxdur”. O əlavə edib ki, bir çox məzun universiteti bitirdikdən sonra əmək bazarında sahibsiz qalır.
Almaz Həsənli