
Rusiya hakimiyyəti “Raiffeisenbank”-ın ölkəni tərk etmək cəhdlərinin qarşısını alır
Avstriyanın “Raiffeisen Bank International” (RBI) yenidən Rusiya biznesindəki payını sata bilməyib. Bu barədə “Reuters” vəziyyətlə tanış olan iki mənbəyə istinadən xəbər verir.
Agentliyin mənbələrinə görə, RBI Rusiyadakı törəmə müəssisəsini yerli alıcıya satmağa cəhd edib. “Reuters” mənbələrinin məlumatına görə, satış yalnız Rusiya hakimiyyətinin razılığı ilə mümkündür, lakin Moskva bankı Rusiyada Qərb ölkələri, ilk növbədə Avropa ilə hesablaşmalar üçün kanal kimi saxlamaq istəyir. Hakimiyyət həmçinin hesab edir ki, rusiyalı investora satış sanksiyaların tətbiqinə gətirib çıxaracaq.
“Reuters”-in qeyd etdiyi kimi, Raiffeisenbank Rusiyanın sanksiyalara məruz qalmayan ən böyük bankı olaraq qalır ki, bu da onu Avropa ilə nağd əməliyyatlar, o cümlədən Rusiya qazı üçün “kritik əhəmiyyətli” edir. Bu arada, Avstriya bankı ABŞ və Aİ-nin Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyadakı fəaliyyətini məhdudlaşdırmaq üçün təzyiq altındadır.
“Reuters”-in mənbələrindən biri bildirib ki, RBI-nin icraçı direktoru Yohan Ştrobl Rusiya biznesinin satışı ilə bağlı mümkün sövdələşməni müzakirə etmək üçün Rusiyaya səfər edib. Bu səfərin dəqiq tarixi göstərilməyib.
“Raiffeisen Bank International”-ın sözçüsü “Reuters”-ə bildirib ki, “RBI Rusiyadakı törəmə bankını satmaq üçün danışıqlar aparır” və əlavə edib ki, bank konkret vaxt çərçivəsi təqdim edə bilməz, çünki “çoxlu tənzimləyici təsdiqlər, o cümlədən Rusiya səlahiyyətlilərindən icazə tələb olunur”.
Almaz Həsənli