Çoxsaylı “İsgəndər”-lər sərhədə cəmləşdirilir

Çoxsaylı “İsgəndər”-lər sərhədə cəmləşdirilir

9 Aprel 2021 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukrayna sərhədlərinə durmadan qoşun cəmləşdirməsinə dair yeni həyacanlı məlumatlar yayılır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, çoxsaylı zirehli texnika, artilleriya və reaktiv-yaylım atəşi sistemləri ilə yanaşı Rusiya ordusunun “İsgəndər-M” operativ-taktiki raket komplekslərinin də sərhədə yeridildiyi məlum olub. Bu haqda “Janes İntelligence News” agentliyinin analitiki Tomas Bullak bildirir.

Analitik açıq mənbələrdən topladığı informasiyalara əsaslanaraq bu vaxta qədər Rusiya ordusunun quru qoşunlarının azı 14 hərbi hissəsinin Ukrayna sərhədinə yeridildiyini, o cümlədən bir neçə “İsgəndər-M” operativ-taktiki raket komplekslərinin daşındığını təsbit edib. Qeyd olunur ki, ilk dəfə “İsgəndər”lərdən ibarət kalon Yekatrinburq-Çelyabinsk avtomobil yolunda görünüb. Bundan təxminən bir həftə sonra Voronej vilayətinin Kolodeznıy qəsəbəsinin sakinləri Ukrayna ilə sərhədə tərəf hərəkət edən “İsgəndər” komplekslərini görüblər. Nəhayət sonuncu dəfə daha bir neçə kompleksin Voronej vilayətinin Novaya Usman kəndindən keçərək sərhədə tərəf irəlilədiyinin şahidi olublar. Bildirilir ki, komplekslər Mərkəz Hərbi Dairəsinin 119-cu raket briqadasına aiddir.

“Jane's” habelə Mərkəz Hərbi Dairəsinin 74-cü və 35-ci mexanikləşdirilmiş briqadalarının, 120-ci artilleriya briqadasının və 6-cı tank polkunun, o cümlədən çoxsaylı BMP-lərin, BTR-lərin, uzaqvuran artilleriyanın, “Uraqan” və “Smerç” reaktiv yaylım atəşi sistemlərinin, “Msta-S” özüyeriyən qaubitsalarının, “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərinin qatarlarla Voronej vilayətinə daşındığını bildirir.

Məlumata görə Voronejdən cənubda, meşəlik ərazidə qoşunların səhra düşərgəsi yaradılıb. Düşərgə “Redut-2US” uzaqmənzilli rabitə kompleksi, səhra mətbəxi və hospitalı ilə təmin olunub. Bu rabitə kompleksi batalyon və ya briqada səviyyəsində deyil, ordu səviyyəsində istifadə olunur ki, bu da qoşun cəmləşdirilməsinin miqyasını göstərir.

İlhaq edilmiş Krım ərazisində və qonşu Krasnodar vilayətində də analoji cəmləşmə müşahidə edilir. Ora böyük sayda tanklar və artilleriya sistemləri, BMP-lər, 240 millimetrlik özüyeriyən “Tülpan” minaatanları və digər silahlar cəmləşdirilib. Qoşunlar Cənub Hərbi Dairəsindən aparılıb.

Xatırladaq ki, ötən gün Cənub Hərbi Dairəsi Xəzər donanmasının artilleriya gəmilərinin də Volqa çayından keçərək Qara dənizə aparıldığını açıqlayıb. Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsi mart ayının sonlarından başlayıb. Qərb ölkələri bununla bağlı xəbərdarlıq və narahatlıq ifadə ediblər, Ukraynaya dəstək bəyanatları veriblər.

Rusiya Ukrayna sərhədlərinə qoşun cəmləşdirməklə paralel olaraq Kiyevi Donbassda vəziyyəti gərginləşdirməkdə, Donetsk və Luqansk “respublikalarına” qarşı hücuma başlamağa hazırlaşmaqda ittiham edir. Və Rusiya rəsmiləri “Donbassdakı soydaşlarını” tək qoymayacaqlarını bildirir.

Rusiya prezidenti Administrasiyasının rəhbərinin müavini, Donbass üzrə üçtərəfli təmas qrupunda Moskvanı təmsil edən Dmitri Kozak ötən gün bəyan edib ki, əgər Kiyev döyüş əməliyyatlarına başlasa bu, Ukraynanın sonunun başlanğıcı olacaq. “Mən hesab edirəm ki, döyüş əməliyyatlarının başlanması Ukraynanın sonunun başlanğıcı olacaq. Belə dəyərləndirmələr var və mən bu dəyərləndirmələri təsdiqləyirəm. Bu, öz-özünə atəş açmaq olacaq, özü də ayağa yox, gicgaha”,-Kozak deyib.

Ukrayna prezidenti Vladimir Zelenski ötən gün Donbassa səfər edib və təmas xəttində növbə çəkən hərbçilərlə görüşüb.