Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan forum keçirilir

Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan forum keçirilir

11 Oktyabr 2021 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumu başlayıb. Forum Prezident İlham Əliyevin tədbir iştirakçılarına videoformatda müraciəti ilə başlayıb.

Oxuməni.az xəbər verir ki, Dövlət başçısı öz çıxışında deyib: "Azərbaycan tam müstəqil daxili və xarici siyasət yürüdür və öz daxili işlərinə qarışma ilə bağlı bütün cəhdləri uğurla dəf edir".

İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş XVIII zirvə görüşündə Azərbaycan öz sədrliyinin əsas prioritetlərini Bandung prinsipləri, ədalətin və beynəlxalq hüququn qətiyyətli müdafiəsi üzərində quracağını deyib. Onun sözlərinə görə, 2020-ci ilin əvvəllərində bütün dünya COVID-19 pandemiyasına məruz qaldı, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi məsuliyyətlə öz üzərinə götürdü və Hərəkatın pademiyanın səbəb olduğu çağırışları adekvat və vaxtında cavablandırması istiqamətində ciddi səylər göstərdi.

Ölkə başçısı pandemiya ilə mübarizədən də danışıb: “Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin birləşdirilməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb”.

Qeyd edək ki, 105 ölkə nümayəndələrinin iştirak edəcəyi forumda 43 nümayəndə heyətinə xarici işlər nazirləri rəhbərlik edir. Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov rəhbərlik edir.

Hazırda Qoşulmama Hərəkatına Azərbaycan rəhbərlik edir. Yubiley konfransının Serbiya paytaxtında keçirilməsi təsadüfi deyil, belə ki, 60 il əvvəl ilk forum da məhz Belqrad şəhərində keçirilib.

Forum oktyabrın 12-də başa çatacaq.